Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
  12 Aprel 2018    Oxunub:2708
Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Eyni zamanda TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Aprelin 11-də keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamımı bildirmək istəyirəm.

Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır. TÜRKSOY-a yüksək diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi və bütün Azərbaycan xalqını bir daha təbrik edir, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıram".

“ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından Sizə ən səmimi təbriklərimi çatdırım. Seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən böyük etimad göstərməsi faktı, ilk növbədə, onu təsdiqləyir ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət səviyyəli tədbirlərin uğurlarına inanırlar. Onlar həyatlarının yaxşılaşmasına ümidlərini həm doğma Vətəndə, həm də onun hüdudlarından kənarda şəksiz nüfuz sahibi olan müdrik, uzaqgörən siyasi xadimin və dövlət xadiminin adı ilə – Sizin adınızla bağlayırlar.

Əminik ki, Siz Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq arenada onun mövqelərinin möhkəmlənməsi istiqamətində inamlı irəliləyişi böyük ruh yüksəkliyi ilə davam etdirəcəksiniz. Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə nəcib quruculuq fəaliyyətinizdə uğurlar arzu edirik".

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Ötən seçkilərdəki qələbəniz sübut edir ki, Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə yüksək dəstək verir.

Bu ali dövləti vəzifədə qardaş Azərbaycanın daha da firavanlaşması və nəzərdə tutduğunuz bütün planların səmərəli surətdə yerinə yetirilməsi yolunda Sizə yeni uğurlar arzu edirəm. Qazaxıstan ilə Azərbaycan arasında sarsılmaz dostluğa və etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə Sizin böyük töhfənizi də qeyd etmək istəyirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış strateji əməkdaşlıq xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Seçki  





Xəbər lenti