Prezidentliyə namizədlərdən qərəzli seçki bəyanatına etiraz

Prezidentliyə namizədlərdən qərəzli seçki bəyanatına etiraz
  13 Aprel 2018    Oxunub:2164
11 aprel prezident seçkiləri ədalətli, demokratik şəraitdə keçsə də, bəzi Qərb təsisatları Azərbaycan xalqının iradəsinə zidd bəyanatlarla çıxış ediblər. Ölkəmizə qarşı aşkar şəkildə ikilistandart nümayiş etdirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları seçkilərdə guya qanun pozuntularına yol verildiyini bildiriblər.
Hansı ki, özünü beynəlxalq müşahidə missiyası adlandıran bu üç qurumdan başqa digər təşkilat və ölkələri təmsil edən müşahidəçilər seçkilərin qanunvericiliyə uyğun olaraq aparıldığını, hər hansı qanun pozuntusunun qeydə alınmadığını bəyan ediblər.

Qərbin saxta seçki bəyanatları prezidentliyə namizədlərin də etirazına səbəb olub. Onlar seçkilərin nəticələrindən razı qaldıqlarını deyərək, Avropa qurumlarını qınayıblar.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, prezidentliyə namizəd olmuş Araz Əlizadə AzVision.az-a bildirib ki, ATƏT-in müşahidə missiyası belə bəyanatlarla Azərbaycana təzyiq göstərmək istəyir:

"Seçkilər demokratik, şəffaf və azad keçib. Əgər onlar demokratiyanın nə olduğunu bilirlərsə, onda Qarabağ məsələsində qətiyyətli olsunlar və Ermənistana öz yerini göstərsinlər. Bunu edə bilmirlərsə, ümumiyyətlə demokratiya sözündən danışmalı deyillər".



Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd olmuş Sərdar Cəlaloğlu hesab edir ki, Qərb təmsilçilərinin hazırladığı seçki bəyanatları siyasi məqsəd daşıyır. O, qeyd edib ki, ATƏT-in müşahidə missiyasının nümayəndə heyəti seçki ərəfəsində onunla görüşmək istəyib:

"Onlar elə davrandı ki, həmin görüşdən imtina etdim. Dəfələrlə müraciət etsələr də, onlarla görüşmədim. Çünki onlar prezidentliyə namizədlər arasında fərq qoyublar. Onlar hər bir namizədə eyni münasibəti göstərmədilər. Görüşmək istədiklərini dedilər və işlərimi təxirə salıb, onlar üçün vaxt ayırdım. Bir neçə saat sonra zəng etdilər ki, bizim daha mühüm görüşlərimiz var. Bundan sonra bir neçə dəfə müraciət etsələr də, onlarla görüşmədim. Bunların verdikləri bəyanatlarla özlərinin davranışlarında nə qədər fərq olduğuna baxsınlar. Bunların istədiyi odur ki, formal olaraq seçkiləri tənqid edək və istədiyimiz şərti diktə edək. ATƏT-in Azərbaycanda apardığı siyasət budur. Onlar özləri deyirdilər ki, Azərbaycandakı seçkilər demokratiyaya doğru addımdır. İndi görünür istəkləri başqadır".



S.Cəlaloğlu belə addımların daha çox güzəşt qoparmaq üçün hesablandığını vurğulayıb: "Hansısa bir iqtisadi və geopolitik maraqlarına görə bunu edirlər. Təzyiq edib daha çox güzəşt almaq adı ilə bəyanat verirlər. Onlar demokratiya adı altında ancaq öz dövlət və siyasi maraqlarını təmin etmək istəyirlər. Baxın, ATƏT-in məlum bəyanatına dünyada məhəl qoyan tapılacaqmı? O bəyanatlar ancaq Azərbaycan hökumətinə təzyiq edib öz maraqlını təmin etmək üçündür".

Seçkilərdə prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi olan Siyavuş Novruzov isə deyib ki, ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyaları seçkinin demokratik keçirilməsini həzm edə bilmirlər.

“Gördülər ki, insanlar bu seçkiyə dövlətçiliyin taleyini həll etməyə, gələcək təhlükəsizliyin təminatını verməyə, iqtisadi inkişaf üçün gəliblər. Artıq həmin müşahidə missiyaları bunu həzm edə bilmədilər . Bu baxımdan onların həzm edə bilmədikləri məsələlər onların bəyanatlarında öz əksini tapıb”.



S. Novruzov həmin müşahidə missiyaları ilə 3 dəfə görüşdüyünü söyləyib: “Onlara dedim ki, ədalətli mövqeyinizi bildirin. Əgər hər hansı çatışmayan cəhətimiz varsa, göstərin, harada yaxşı cəhətimiz varsa, onları da deyin. Dedim, biz elə xalqıq ki, hər bir şeyi qəbul edirik, amma bizim üzərimizdə ağalığı ömür boyu qəbul etmirik. Dedim ki, biz bu xalqın nümayəndələriyik, prezident də bizim rəhbərimizdir, ömür boyu ədalətsizliyə qarşı mübarizə aparıb. Heydər Əliyev də, İlham Əliyev də ədalətsizliyə qarşı mübarizə ilə tanınıb. Bu qurumlar bildirirlər ki, əhalisinin 90 faizi yazı-pozu bilməyən Əfqanıstanda seçki demokratikdir, Şərqdə ilk demokratik respublika quran xalqa isə deyirlər ki, seçkilərdə müxtəlif pozuntular olub. Mən həmin qurumların müşahidə missiyalarının bəyanatını qəbul etmirəm. O bəyanatları aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar. Əsas Azərbaycan xalqı, seçkilərdə iştirak edən insanlardır. İnsanlarımız seçkiyə gəldi, münasibətini bildirdi. Hər hansı narazılıq olsa, insanlar küçələrə çıxmalı idilər. Bu gün narazılığını bildirmək üçün küçəyə çıxmış bir adam görürsüz? Deməli, bu, nəticə, göstəricidir. Hamı toyla, bayramla gələcək strategiyanı müəyyənləşdirdi. Belə fikirlərlə həmin qurumlar artıq adi bir ictimai təşkilata çevriliblər, fikirləri məni maraqlandırmır”

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ATƏT   Seçki  





Xəbər lenti