ATƏT DTİHB-in saxtakarlığı ifşa edildi: “Yekun rəy əvvəlcədən hazırlanmışdı”

ATƏT DTİHB-in saxtakarlığı ifşa edildi: “Yekun rəy əvvəlcədən hazırlanmışdı”
  13 Aprel 2018    Oxunub:2826
"Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı rəylərdən tamamilə fərqli fikirlər yer aldı"
AzVision.az xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, bu səbəbdən müşahidə missiyasının ötən gün seçkilərlə bağlı verdiyi rəyə jurnalistlər etiraz etməkdə tam haqlı idilər: "Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə seçkidən əvvəl də, seçki günü də müşahidələr apardıq və göründü ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb. Ancaq təəssüf ki, DTİHB-nin missiyası guya ciddi qayda pozuntularının olması ilə bağlı bəyanat verdi. Onların Azərbaycan reallığından xəbəri yoxdur, onlara bu bəyanat əvvəlcədən hazırlanaraq verilib. Çox təəssüf ki, mənim yaxından iştirak etdiyim missiya belə bir bəyanat verir. Hesab edirəm ki, bunun səbəbləri var”.

V.Əhmədovun sözlərinə görə, DTİHB-nin missiya rəhbərinin müavini Stefan Krause bu qərəzli hesabatın hazırlanmasında fəal iştirak edib: “Mən onunla ünsiyyətdə oldum və bizim görüşlərimizlə bağlı hesabatda heç bir qeyd olmadığını dedim, lakin gördüm ki, o, Azərbaycana qarşı yalnız mənfi münasibətdədir. Missiyanın digər üzvü Eqol Tilpunov ilə də danışdım, o isə dedi ki, pozuntuların olacağı əvvəlcədən məlum idi. Mən soruşdum ki, pozuntuların olacağını haradan bilirsiniz? Dedi ki, "məndə əvvəlcədən məlumat var və bizdə hesabat artıq hazırdır". Sonra da əlavə etdi ki, Stefan Krause artıq hesabatı hazırlayıb və seçkinin səhərisi açıqlanacaq. Mən yenə soruşdum ki, seçkilər hələ olmayıb, ancaq sizdə hesabat artıq hazırdır? Bu necə ola bilər. O bildirdi ki, Krause əvvəllər də Azərbaycanda olub, hər şeyi özü bilir. Bütün bunlar ondan xəbər verir ki, bu şəxslər nəyi müşahidə etmələrindən asılı olmayaraq qərəzli hesabat təqdim edəcəklər və çox təəssüf ki, elə də oldu”.

Onun sözlərinə görə, qədər qərəzli, birtərəfli yanaşma açıq-aydın onların öz təxəyyülündən irəli gəlir: "Azərbaycan hökuməti onlar üçün bütün şəraiti yaratmışdı, ancaq onlar bu qədər müsbət addımları görməzdən gəldi. Mən şəxsən onlara müsbət işləri təqdim etdim, qanunvericilikdə olan yenilikləri bildirdim, lakin onlar bunları eşitməkdən şad olmadılar. Bunlar anti-Azərbaycan qüvvələrdir və Azərbaycan haqqında ancaq mənfi şeyləri eşitmək istəyirlər. Onlar Xədicə İsmayıl, Emin Milli və digər əlaltıları ilə yaxından ünsiyyətdə oldular və bu hesabatın hazırlanmasında onların böyük rolu oldu. Çox təəssüf ki, bu missiyanın rəhbəri bu cür insanlardan formalaşır. Bu insanlarda Azərbaycana qarşı bir qərəz var. Bütün bunlara dözməyərək mən missiya rəhbərinə etiraz məktubu yazaraq missiyanı tərk etdim. Yenə də ümid edirəm ki, iki aydan sonra yekun hesabatlarında müsbət amillərə də yer verəcəklər. DTİHB-nin rəhbərliyinə və ATƏT-in digər qurumlarına da etiraz məktubu yazmaq niyyətindəyəm”.

Rusiyadakı seçki prosesində iştirak etdiyini bildirən V.Əhmədov qeyd edib ki, qurumun siyasi şöbəsinin verdiyi hesabat kənarda qaldı, onlar isə özləri ilə hazır gətirdikləri hesabatı yaydılar: "Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də bildirməliyəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ATƏT   DTİHB   Seçki   Saxtakarlıq  





Xəbər lenti