İqtidarın əsas hədəfləri açıqlandı - İslahatlar davam edəcək

İqtidarın əsas hədəfləri açıqlandı - İslahatlar davam edəcək
  14 Aprel 2018    Oxunub:2350
"Azərbaycanda vətəndaş həmrəyliyinə, iqtisadi-maliyyə təhlükəsizliyinə tam nail olmuşuq. Ölkəmizdə heç bir narahatlıq yoxdur. Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Dövlətin rəhbərinə xalqın inamı var. Bütün bunlar isə ölkənin daxilində modernləşmə siyasətinin daha dərinləşməsinə əlverişli mühit yaradıb. Dövlət başçısının vurğuladığı kimi müxtəlif sferalardakı islahatlar bundan sonra da davam edəcək".
AzVision.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

"Azərbaycanın qarşıdakı illərdə əsas hədəfləri nədən ibarətdir?" sualına cavab olaraq YAP rəsmisi deyib ki, biz qazanılan uğurlarla yanaşı, Azərbaycanın gələcəyinə baxırıq. Qarşıdakı illərdə nəzərdə tutulan məsələlər, hədəflər cənab İlham Əliyevin seçki proqramında çox dəqiqliklə ifadə olunub.

"Bir neçə ildir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərinə təsir göstərsə də, cənab Prezdentin siyasəti nəticəsində sosial-iqtisadi inkişaf proqramları, qeyri-neft sektorunun inkişafı yönündə görülən işlər yüksək nəticələr verməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələləri vurğuladı.

Azərbaycan sabitlik baxımından nümunəvi ölkədir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan sabitlik adası kimi dünyada qəbul olunur. Bu sabitliyi qorumaq üçün tədbirləri davam etməliyik. Burada iqtisadiyyatın davamlı inkişafı, sosial layihələrin ardıcıl olaraq həyata keçirilməsi, müxtəlif radikal elementlərə qarşı mübarizə vacib yer tutur. Radikal elementlərin qarşısının alınması üçün cəmiyyətin daha geniş maariflənməsinə, gənclərin sosial şəbəkələrdə fəallığının artmasına, qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var".

M.Qurbanlı vurğulayıb ki, Azərbaycanda qazanılmış nailiyyətləri daha yüksək səviyyəyə qaldırmaq və inkişaf etdirmək, xalqın rifahını daha da yaxşılaşdırmaq, Azərbaycan Ordusunun gücünü daha artırmaq, eləcə də, ölkəmizin beynəlxalq miqyasda rolunu artırmaq qarşıda duran əsas hədəflər sırasındadır. Bilirsiniz ki, bu məqsədlə hər bir sahənin perspektiv inkişafı üçün strateji yol xəritələri dövlət başçısı tərəfindən təsdiqlənib və icra olunmaqdadır.

"Bu gün Azərbaycan xalqı vahid bir ideologiya ətrafında daha sıx birləşməlidir. Ümummilli ideologiyamız azərbaycançılıqdır və bu ideologiya çərçivəsində ölkəmizi daha sürətlə inkişaf etdirməliyik. Əminəm ki, gələcəkdə də bu yolda inamla irəliləyəcəyik"- YAP funksioneri qeyd edib/

AzVision.az


Teqlər: YAP   Mübariz-Qurbanlı  





Xəbər lenti