Azərbaycanlı tələbələr Oskanyanın yalanlarını ifşa etdilər

Azərbaycanlı tələbələr Oskanyanın yalanlarını ifşa etdilər
  15 Aprel 2018    Oxunub:2512
Ermənistan Respublikasının sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistan Milli Tədqiqatlar Assosiasiyasının dəstəyi ilə Harvard Universitetində təşkil olunan tədbirdə bir qrup tələbənin qarşısında çıxış edib.
Sabiq diplomatın çıxışının mövzusu “Beynəlxalq hüquq üzrə öz müqəddəratını təyinetmə. İki münaqişə haqqında: Kosovo və Dağlıq Qarabağ” olub. Oskanyan öz məruzəsində Kosovo və Dağlıq Qarabağ üzrə dəlillər gətirməklə, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına xalqın öz müqəddəratını təyinetmə hüququ kimi bəraət qazandırmağa çalışıb, məhz “nicat sesessiya” (remedial secession) nəzəriyyəsinə, beynəlxalq hüquqa özünün selektiv interpretasiyası ilə istinad edib. Erməni millətçilərinin otuz illik cəfəngiyyatını təkrarlayan Oskanyan unudub ki, “nicat sesessiya”sı deyəndə bir qrup insana qarşı müəyyən ədalətsizlik və təzyiq göstərilərkən həmin qrupun ümumi hüququ başa düşülür və bu zaman vəziyyətin düzəldilməsi üçün sesessiya son qərar olur. Əgər ermənilər keçmiş DQMV-də muxtar vilayətin tarixi boyu bütün siyasi hüquq və özünüidarədən tam yararlanıblarsa və Azərbaycanın digər hissəsinə nisbətən iqtisadi üstünlüyə malik olublarsa, hansı sesessiyadan söhbət gedə bilər?

Oskanyan hazırkı separatçı hərəkatlara, o cümlədən kürd və Kataloniya referendumlarına toxunaraq onları legitim adlandırıb. Kosovo təcrübəsinə istinad edərək, həmçinin bildirib ki, Ermənistan və oyuncaq “DQR” (Yerevanın işğal etdiyi ərazilərdə yaradılmış marionet rejimi) BMT Beynəlxalq Məhkəməsinə öz işini təqdim etmək və müdafiə etmək baxımından sanballı arqumentlərə və qalib gəlmək üçün real şanslara malikdir. Oskanyan öz çıxışında Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkün olmadığını dəfələrlə bəyan etdi.

Erməni diplomatı tədbirdə iştirak edən iki azərbaycanlı tələbənin – Harvard Universitetindən Həbib Abdullayevin və Massaçusets Texnologiya İnstitutundan Samir Qurbanovun suallarına cavab verə bilməyib.

Suallardan biri bu mövzuda olub: Oskanyanın xarici işlər naziri olduğu dövrdə Ermənistanın sabiq prezidenti Koçaryan işğal edilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində daim israr edirdi, separatçıların indiki lideri Bako Saakyan da aşkar şəkildə bildirib ki, Qarabağ “sonda Ermənistana birləşdiriləcək”. Bundan başqa, Ermənistan parlamenti hələ 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaqı barədə qeyri-qanuni və konstitusiyaya zidd qərar qəbul etmiş və sonra bu maddə hətta Ermənistan Respublikasının Konstitusiyasına daxil edilmişdi. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərlərinin Ermənistana qarşı” işində müəyyən etmişdi ki, məhz “Ermənistan Dağlıq Qarabağa həlledici təsir göstərir və onun üzərində effektiv nəzarəti həyata keçirir”. “Yuxarıdakı faktlar və məhkəmənin qərarı nəzərə alınarsa, Ermənistan qüvvələri Qarabağa nəzarət edirlərsə və qonşu suveren dövlətin ərazisinin bilavasitə ilhaqına cəhd varsa, hansı “öz müqəddəratını təyinetmədən” söhbət gedə bilər?”, - deyə azərbaycanlı tələbə soruşub.

Tələbələrin, həmçinin keçmiş DQMV-dən kənardakı rayonların işğalı ilə bağlı sualı sabiq diplomatı çaşdırıb. Ondan bu məsələni də izah etməsini xahiş ediblər ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi olduğu halda, keçmiş DQMV-yə bitişik 7 rayonunun işğalına və ondan danışıqlar aparılmasının subyekti qismində istifadə edilməsinə beynəlxalq hüquqa müvafiq olaraq necə haqq qazandırıla bilər? Tələbələrimizin sadaladıqları faktları qulaqardına vuran Oskanyan yalnız İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işinə toxunub və onu “hüquqi öhdəliklər daşımayan qərar” adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti