"Xəstəyəm, dərmanla yaşayıram" - Kəlbəcər girovunun məktubu

"Xəstəyəm, dərmanla yaşayıram" - Kəlbəcər girovunun məktubu
  16 Aprel 2018    Oxunub:3527
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.

Bu barədə AzVision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. O, bildirib ki, bir neçə gün bundan öncə Şahbazla bağlı məlumat alıb.
“Qardaşım məktubunda xəstə olduğunu və dərmanla yaşadığını yazıb. Ondan narahat olmamamğımızı bildirib. Məktub 3-4 cümlədən ibarətdir. Təbii ki, bunu nəzarət altında yazıb. Onun yalnız videosunu gördükdən sonra əsil vəziyyətini öyrənə bilərik”.

Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, ancaq ondan məktub gəlmədiyini deyib.

“Atamla görüşdüklərini, narahat olmamağımızı bildirdilər. Necə narahat olmayım ki, atamdan nə məktub almışam, nə də videosunu gətiriblər. Güman edirəm ki, vəziyyəti o qədər pisdir ki, nə məktub yaza bilir, nə də görüntüsünü çəkə bilirlər. Sonun dəfə məktubu noyabr ayında almışam”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Dilqəm-Əsgərov   Şahbaz-Quliyev   Girov  





Xəbər lenti