Astan Şahverdiyev ingilis dilini bilirmiş - Oteldə ölən deputatın dosyesi

  16 Aprel 2018    Oxunub : 3553
Astan Şahverdiyev ingilis dilini bilirmiş - Oteldə ölən deputatın dosyesi
Xəbər verdiyimiz kimi, ötən gün Yeni Azərbaycan Partiyasının üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev vəfat edib. Millət vəkili Qusarda yerləşən oteldə ürəktutmasından dünyasını dəyişib.
71 yaşında son mənzilə yola salınan deputat daha çox qalmaqallı çıxışları ilə yadda qalıb. Xatırlayırsınızsa, o, Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırmaqla etirazlara səbəb olmuşdu. Hətta sosial şəbəkələrdə Şahverdiyevin deputat mandatından məhrum edilməsi təklif olunurdu.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq deputat Astan Şahverdiyevlə bağlı məlumatları oxucuların diqqətinə çatdırır:

-Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Fizuli şəhərində anadan olub. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və 1970-ci ildə İnstitutu bitirib. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilib.

Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvü seçilib.

2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilib. Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən MoskvaLondonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.

1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləyib. 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici komitəsinin üzvü olub. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan "Günəş enerjisi" dərsliyinin müəlliflərindən biridir.

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış edib.

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. Elm sahəsində Z. Tağıyev adına mükafatın laureatıdır. İngilis və rus dillərini bilirdi.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatı olub.

AzVision.az

Teqlər: Astan-Şahverdiyev   Deputat