Bayılda evi dağılan 6 ailəyə 347 min pul veriləcək

Bayılda evi dağılan 6 ailəyə 347 min pul veriləcək
  16 Aprel 2018    Oxunub:1069
Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov AzVision.az-a açıqlamasında deyib ki, bununla bağlı Nazirlər Kabineti qərar verib. Onun sözlərinə görə, Bayılda evləri dağılan 6 ailəyə ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək və qeyd olunan vəsait Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ailə başçılarının bank hesablarına 3 gün müddətində köçürüləcək.

İ.Kərimov əlavə edib ki, həmin 6 fərdi yaşayış evinin tam sökülməsi Səbail RİH-ə həvalə olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bayıl   Sürüşmə  





Xəbər lenti