“ASAN xidmət”in yaradılması xüsusi əhəmiyyət kəsb edir - Ramiz Mehdiyev

“ASAN xidmət”in yaradılması xüsusi əhəmiyyət kəsb edir - Ramiz Mehdiyev
  16 Aprel 2018    Oxunub:2298
“Azərbaycan Respublikasının Prezidenti tərəfindən iqtisadi məsələlərə sistemli və kompleks şəkildə baxılması islahatların gedişinə mane olan amillərin, iqtisadiyyatımızın zəif nöqtələrinin vaxtında aşkar edilməsində həlledici rol oynayır. Belə bir yanaşma iqtisadi siyasəti hazırlayan və koordinasiya edən strukturlara daha səmərəli işləmək üçün əlverişli şərait yaradır”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin məqaləsində qeyd olunub.

Məqalədə deyilir ki, institusional islahatların mühüm istiqamətlərindən biri antikorrupsiya tədbirlərinin həyata keçirilməsidir. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahədə hüquqi bazanı formalaşdırmaqla yanaşı, həm də hakimiyyətin korrupsiya ilə mübarizədə siyasi iradəsini nümayiş etdirdi. Həmin ildə Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nı (2004-2006-cı illər) təsdiq etdi. Proqramda korrupsiyanın qanunun aliliyinə, dövlət idarəçiliyinin səmərəli fəaliyyətinə, iqtisadi inkişafa təhlükə yaratdığı qeyd olundu və korrupsiyaya qarşı mübarizədə ümumi dövlət siyasətinin həyata keçirilməsinin vacibliyi bir daha bəyan edildi.

“Dövlət Proqramının icra müddəti bitdikdən sonra Prezident İlham Əliyev 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nı və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planını təsdiq etmişdir. Bu strategiyaya əsasən korrupsiyaya qarşı mübarizənin institusional mexanizminin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulurdu. Şəffaflığın artırılması ilə bağlı beynəlxalq təşəbbüslərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Prezident İlham Əliyev dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq etdi. Bu çərçivədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək üçün 2016-2018-ci illəri əhatə edən yeni fəaliyyət planı da qəbul edildi”.

R. Mehdiyev bildirib ki, açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun və qərar layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakına şərait yaradıb:

“İdarəetmə sistemində şəffaflığın təmin edilməsi üçün dövlət idarəçiliyində müasir informasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməsi tələb olunur. Son illər inzibati prosedurlar və dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə 91 qurum elektron hökumət portalı vasitəsilə 438-dək elektron xidmət göstərmişdir. Dövlət idarəçiliyində şəffaflığın təmin edilməsində “ASAN xidmət”in yaradılması xüsusi əhəmiyyət kəsb edir. “ASAN xidmət” – Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzdir. 2013-cü ildən fəaliyyətə başlayan “ASAN xidmət” BMT-nin 2015-ci ildə “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüşdür. “ASAN xidmət”ə indiyə qədər edilən müraciətlərin sayı 20 milyonu keçib. İdarəetmə islahatları, ilk növbədə, hökumətin iqtisadi blokunu əhatə edir. Bu isə tamamilə təbii qəbul edilməlidir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının təşkilati strukturu və funksiyaları yeniləşməkdə olan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmalıdır. Yeni iqtisadi şəraitdə iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi köhnə idarəçilik prinsiplərinə əsaslana bilməz”.

AzVision.az


Teqlər: Ramiz-Mehdiyev   ASAN-xidmət   PA  





Xəbər lenti