Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir

Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir
  17 Aprel 2018    Oxunub:1418
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadədən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvləri, Qərbi Balkanlardakı Azərbaycansevərlər adından Sizi səmimi qəlbdən təbrik edirik.

Harada yaşamağımızdan, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, bizim bir Vətənimiz, bir Bayrağımız, bir Prezidentimiz vardır. Vətənimizlə nəfəs alırıq, ölkəmizlə qürur duyuruq. Azərbaycanın və yerləşdiyi təlatümlü regionun üzərini almış qara buludlar, ölkəmizə qarşı çirkin oyunlar, nifrət və nifaq toxumu səpmək istəyənlərin məkrli planları, qərəzli mövqeləri xaricdən daha aydın görünür. Sözsüz ki, bunlar hər bir vətənsevəri narahat etməyə bilməz. Azərbaycan xalqı yalnız Sizin rəhbərliyinizlə həmrəy olmaqla, ölkəmiz, dövlətimiz isə sabitliyi qoruyaraq daha da güclənməklə bu təhdidlərə, məkrli planlara qarşı dayana, süni və əsassız siyasi və iqtisadi təzyiqlərə sinə gərə bilər.

Ölkəmizin və xalqımızın bu kəşməkəşli tarixi dövrü mətanətlə keçəcəyinə, düşmən işğalında olan əzəli torpaqlarımızın qüdrətli Ordumuz tərəfindən geri qaytarılacağına əminik. Həmişə söylədiyiniz kimi, gücünü aldığınız xalq tərəddüdsüz olaraq Sizin arxanızda olduğunu bir daha nümayiş etdirdi və dünyada bu gücə qarşı dura biləcək qüvvə yoxdur. Hər kəs bir daha əmin oldu ki, xalqın Sizə olan inamı və ümidləri çox böyükdür.

Dünyada, o cümlədən ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmayan, onların kobud şəkildə pozulduğu, demokratiya və insan hüquqlarından yalnız təzyiq və təsir vasitəsi kimi istifadə edildiyi bir dövrdə Vətənimizin daha da çiçəklənməsi, sabitliyinin qorunması, siyasi, iqtisadi və hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə davam etdirəcəyinizə sidq ürəkdən inanırıq və xalqımızın xoşbəxt gələcəyi naminə atdığınız hər bir addımınızın yanında olduğumuzu bilməyinizi istəyirik.

Sizə ali dövləti fəaliyyətinizdə və növbəti tarixi missiyanızda uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirik.

Allah Sizin və Azərbaycan xalqının yardımçısı olsun".

***

Krans Montana Forumunun təsisçisi və fəxri prezidenti, səfir Jan Pol Karterondan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Krans Montana Forumunun idarə heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin seçkilərdəki qələbəniz xalqın Azərbaycanın gələcək inkişafına inamının və Zati-alinizə bəslədiyi ümidlərin ifadəsidir. Bu, həm də Sizin xalqınız üçün gördüyünüz işlərin nəticəsidir.

Uzun illər ərzində Krans Montana Forumu Sizin gözəl ölkənizlə mehriban və səmərəli əlaqələri davam etdirib. Əminəm ki, bu əməkdaşlıq qarşıdakı illərdə də uğurla davam edəcəkdir.

Cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, ailə xoşbəxtliyi, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

***

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm".

***

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rəhbəri, beynəlxalq ekspert xanım Qven Börçeldən:

"Möhtərəm cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli və məsuliyyətli vəzifədə Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Bilirəm ki, məqsədlərinizdən biri də ölkədə köklü və ciddi sosial islahatların həyata keçirilməsidir. Bu vacib işdə mən və mənim komandam - Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı Sizin gözəl ölkənizə dəstək olmaq niyyətindəyik.

UAFA 1998-ci ildən bəri həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində tanınmış bir QHT-yə çevrilib. Bizim məqsədimiz Azərbaycanda sosial həyatın uzunmüddətli inkişafı ilə bərabər, cəmiyyət üçün bilik mübadiləsi məsələlərində davamlı bir resurs olmaqdır.

Əminəm ki, gücümüzü, imkan və resurslarımızı səfərbər edərək qarşıya qoyduğumuz məqsədlərə Sizin dəstəyinizlə tez bir zamanda çatacağıq.

Bir daha Sizi təbrik edir və gələcək işlərinizdə uğurlar arzulayıram".

***

GUAM-ın baş katibi Altay Əfəndiyevdən: "Zati-aliləri. Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM adından və şəxsən öz adımdan təbrik edirəm.

GUAM-ın müşahidə missiyasının üzvü qismində Bakı, Sumqayıt şəhərlərində və ətraf qəsəbələrdəki seçki məntəqələrində olarkən seçicilərin yüksək fəallığına, seçki prosesinin qüsursuz təşkilinə və ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldığına şahid oldum.

Sizin inamlı qələbəniz ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının böyük etimadının göstəricisidir.

Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək beynəlxalq arenada mühüm tərəfdaşa, sabitliyin və məhsuldar əməkdaşlığın önəmli amilinə çevrilmişdir.

Qurucularından biri dahi Heydər Əliyevin olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM çərçivəsində regional əməkdaşlığın inkişafında Azərbaycanın yerini və rolunu, Sizin şəxsi töhfənizi biz yüksək dəyərləndiririk.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, güclü, müstəqil, inkişaf etmiş və demokratik Azərbaycanın tərəqqisi yolunda Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram. Ümidvaram ki, regionda sülh, sabitlik, dost ölkələrimizin və xalqlarımızın tərəqqisi və rifahı naminə GUAM çərçivəsində sıx qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da davam edəcəkdir".

***

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Sizə xalqınızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan, onlar üçün xeyirli və müştərək maraqlara əsaslanan birgə əlaqələndirmə və əməkdaşlıq yollarının gücləndirilməsi üçün daimi istəyimizi bildirir, ölkəmizdə münaqişənin sona çatması və paytaxtı tolerantlıq, birgə yaşama və sülh şəhəri Şərqi Qüds olmaqla müstəqil dövlətimizin yaradılması üçün xalqımıza və onun mübarizəsinə bütün beynəlxalq dairələrdə verdiyiniz dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm.

Zati-aliləri, ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm".

***

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Başçısı İrina Vlaxdan: "Möhtərəm cənab Prezident. Bu məktubla Sizə öz dərin hörmətimi və Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumuna göstərdiyiniz diqqətə görə xüsusi minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının əhalisi öz vətəndaş borcunu yerinə yetirərək firavan və suveren gələcəyə səs verdi, Sizə etimad göstərib bu gözəl ölkəyə rəhbərliyi yenidən Zati-alinizə həvalə etdi. Siz dövlətin siyasi, iqtisadi və sosial sahələrinin inkişafı üçün yeni layihələr reallaşdırmaqla, vətəndaşların həyat səviyyəsinin daha da yüksəlməsi və milli maraqların müdafiəsi naminə yorulmadan çalışırsınız.

Əminəm ki, Sizin bilik və bacarığınız, təcrübə və müdrikliyiniz ölkəni əmin-amanlığın, sabitliyin bərqərar olduğu daha gözəl gələcəyə aparacaq və Siz Azərbaycan Respublikasının Prezidenti kürsüsündə hələ uzun müddət məhsuldar fəaliyyət göstərəcəksiniz.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Qaqauz Yeri Muxtar Ərazi Qurumuna və Çadır-Lunqa şəhərində Mədəniyyət-Təhsil Mərkəzi binasının tikintisinə göstərdiyiniz hərtərəfli dəstəyə görə Sizə öz minnətdarlığımızı bildiririk.

Ümidvarıq ki, bizim qardaş xalqlarımız arasında məhsuldar əməkdaşlıq bundan sonra da davam edəcək və biz yeni-yeni sosial və iqtisadi layihələri gerçəkləşdirməyə müvəffəq olacağıq".

***

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin baş direktoru Akkan Suverdən: "Möhtərəm Prezidentimiz çox hörmətli İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Mərmərə Qrupu Vəqfinin üzvləri adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi bildiririk.

Siz Azərbaycanı dünəndən bu günə, dünyada qəbul edilən müasir və modern səviyyəyə sülh və sabitlik içində çatdırmısınız. Xidmətləriniz Azərbaycanın rifahı, əmin-amanlığı və inkişafı ilə bərabər, bölgədə sülhə, təhlükəsizliyə və sabitliyə də töhfə verir.

Yenidən Prezident seçilməyinizdən duyduğumuz böyük sevincimizi təbriklərimizlə ali diqqətinizə çatdırırıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirik".

***

AMEA-nın akademiki, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Fazil Qurbanovdan: "Hörmətli cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Federasiyasındakı Azərbaycan icmaları birliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Biz Sizin bu qələbənizi Azərbaycan xalqının və xaricdə yaşayan həmvətənlərimizin ümumi qələbəsi, müdrikliyin qələbəsi, sülh və sabitlik şəraitində yaşamaq eşqinin qələbəsi kimi dəyərləndiririk.

Təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulan dövlət quruculuğu əsasında Sizin rəhbərliyiniz ilə güclü və inkişaf edən dövlət qurulub.

Sizin sadə insanlara, onların ən zəruri problemlərinə qayğınız, xoşbəxt gələcək naminə saf insani səmimiyyətiniz hansı ölkədə yaşamağından asılı olmayaraq, bütün azərbaycanlılarda qürur, məhəbbət və minnətdarlıq hissləri doğurur.

Rusiyanın bütün Azərbaycan icması Sizə cansağlığı və Vətənimizin, xalqımızın tərəqqisi naminə gələcək işlərinizdə uğurlar arzulayır".

***

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyevdən: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.

Siz 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiniz və Heydər Əliyev dəyərlərinə yeni nəfəs verərək ölkəmizin inkişafına böyük uğurlar gətirdiniz. Azərbaycanın iqtisadi, sosial, mədəni həyatında və digər sahələrdə böyük dəyişikliklər baş verdi. Azərbaycan regionun lider dövlətinə çevrildi, qüdrətli və bir çox ölkələr üçün nümunə oldu.

Sizin aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəniz və seçicilərin mütləq əksəriyyətinin səsini qazanmağınız Azərbaycanın inkişafı üçün həyata keçirdiyiniz siyasətə xalqın böyük dəstəyidir.

Əminik ki, Sizin növbəti prezidentliyiniz dövründə Azərbaycan yeni uğurlara və qələbələrə nail olacaq. Bu qələbələr sırasında Dağlıq Qarabağ münaqişəsinin həllini, Azərbaycan bayrağının Qarabağda dalğalanmasını da görəcəyik.

Sizə möhkəm cansağlığı, ailə səadəti və ölkəmizin inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

***

Vyetnam Prezidenti Çan Day Kuanqdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Vyetnam dövləti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Vyetnam Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın son vaxtlar əldə etdiyi nailiyyətləri daim müşahidə edir və buna sevinir. Əminəm ki, Sizin təcrübəniz sayəsində Azərbaycan uğurlu inkişafını davam etdirəcək, beynəlxalq arenada öz mövqeyini yüksəldəcək.

Şadam ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri son vaxtlar dinamik inkişaf edir. Bizim münasibətlərimizin inkişafında Sizin mühüm rolunuzu qeyd etməmək olmaz. Cənab Prezident, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın istiqamətlərini və onun daha da inkişaf etdirilməsi tədbirlərini müzakirə etmək və razılaşdırmaq üçün Sizin Vyetnama rəsmi səfərinizi səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı arzulamaq istərdim. Sizə öz nəcib vəzifənizdə yeni böyük uğurlar diləyirəm.

Qoy, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənin inkişafı işində sanballı nəticələr əldə etsin".

***

Moskvadakı “SitiMed” klinikalar şəbəkəsinin baş direktoru Ənvər Həmidovdan: "Hörmətli cənab İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı diləyir, Azərbaycanın daha da inkişaf etməsini arzulayıram".

***

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərindəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyevdən: "Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların və ölkənin xarici siyasət kursunun xalq tərəfindən geniş dəstəkləndiyini təsdiqləyir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının imici dünyada çox yüksəklərə qalxıb. Dərbənddən olan azərbaycanlılar qardaş Azərbaycanın uğurlarından həmişə qürur duyurlar.

Bu gün Dərbəndin mərkəzi küçələrindən biri bizim ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Heydər Əliyev Fondu tərəfindən məktəblər abadlaşdırılıb, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisinə vəsait ayrılıb.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh və tərəqqi arzulayırıq".

***

Rusiya Federasiyası “Beynəlxalq İslam Missiyası” Mərkəzləşdirilmiş Dini Təşkilatının sədri Şafiq Pşixaçevdən: "Mərhəmətli və Rəhmli Allahın adı ilə. Hörmətli İlham Heydər oğlu. Sizə və yaxınlarınıza dərin ehtiramımı bildirir, sülh, rifah və Ulu Tanrının rəhmini diləyirəm.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi “Beynəlxalq İslam Missiyası” Mərkəzləşdirilmiş Dini Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Ürəkdən gələn səmimi təbriklərimizi qəbul edin. Əminəm ki, zəngin təcrübəniz, enerjiniz, idarəçilik və təşkilatçılıq istedadınız Sizə Azərbaycan Respublikasının və bütün Qafqazın sakinlərinin gələcəyi naminə başladığınız kursu bundan sonra da davam etdirməyə imkan verəcək.

Allaha üz tutaraq səmimi qəlbdən Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar nəsib etməsini diləyirəm".

***

“Belçika Azərbaycan Evi”nin sədri, Brüssel, Bülənt Gürçamdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Belçikadakı Azərbaycan diasporu adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Siz Azərbaycanın inkişafı üçün çox iş görmüsünüz və əminik ki, bundan sonra daha çox iş görəcəksiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyir və Sizi dəstəklədiyimizi bildiririk".

***

Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri, texnika elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi professor Murad Ömərovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin idarə heyəti və Xarkovdakı bütün Azərbaycan diasporu adından səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz müdrik daxili və xarici siyasət sayəsində Azərbaycan ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində sanballı uğurlara nail olub. Həyata keçirdiyiniz uğurlu islahatlar xalqın rifahının yüksəlməsinə, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə imkan verib. Sizin xüsusi diqqət və qayğınızı tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan biz azərbaycanlılar da daim hiss edirik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə tükənməz enerji və yeni uğurlar, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayırıq.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirirəm".

***

Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib: "Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin qələbəniz qanunauyğundur. Bu, ölkənin iqtisadi və mədəni inkişafında, beynəlxalq nüfuzunun möhkəmlənməsində Sizin siyasi kursunuza xalqın yüksək dəstəyini bir daha göstərdi.

Sizi dəstəkləmək üçün verilən səslərin yüksək faizi haqqında təkcə rəsmi rəqəmlər deyil, həm də Azərbaycandan olan həmkarlarımızın və dostlarımızın seçkilərdə seçicilərin fəallığının artması, nikbinlik və əminlik mühiti barədə zəngləri və məlumatları, sosial şəbəkələrdə geniş informasiya mübadiləsi və qarşılıqlı təbriklər buna əyani sübutdur.

Çox hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə böyük səylər tələb edən fəaliyyətinizdə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Qoy, həmişə olduğu kimi, Sizin bütün işləriniz və təşəbbüsləriniz həmvətənləriniz, dostlarınız və silahdaşlarınız tərəfindən dəstəklənsin.

Əminik ki, Sizin siyasi xadim və dövlət xadimi, yüksək intellektə, mədəniyyətə və zəngin biliyə malik diplomat kimi təcrübəniz Sizə gələcəkdə də ən mürəkkəb daxili və beynəlxalq problemləri həll etməyə kömək edəcək".

***

“Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə inamlı qələbəniz respublikada yüksək nüfuzunuzu sübut edir. Seçkilərin nəticəsi təkcə Sizin şəxsi keyfiyyətlərinizə verilən dəyər deyil, həmçinin Azərbaycanda dinc, xoşbəxt, rahat həyatı təmin etmək səylərinizə dəstəkdir. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişafda, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində diqqətəlayiq uğurlar əldə edib. Energetika sahəsində Rusiya-Azərbaycan münasibətləri, həmçinin “Rosneft” Neft Şirkəti PSC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əlaqələr dinamik inkişaf edir.

Azərbaycanın tanınmış maarifçi-yazıçısı Mirzə Fətəli Axundzadə yazırdı: “Vətənpərvər - Vətəninin yüksəlişi naminə canından keçməyə hazır olan insandır”.

Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edib.

Hörmətli İlham Heydər oğlu, atanız – Azərbaycanın ümummilli lideri və Rusiyanın səmimi dostu Heydər Əlirza oğlu Əliyevin nəcib işinin davam etdirilməsində Sizə yeni nailiyyətlər diləyirəm".

***

Ankara şəhərində fəaliyyət göstərən “Furkan Defense Industry” şirkətlər qrupu adından Rövşən Barxudarovdan, Zaur Məmmədovdan, Vaqif Barxudarovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində xalqın yekdil səsverməsi nəticəsində yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi “Furkan Defense Industry” şirkətlər qrupu adından səmimi qəlbdən təbrik edirik.

Möhtərəm cənab Prezidentimiz, ölkəmizin bütün sahələrdə tərəqqisində mühüm xidmətləri olan yenilikçi bir dövlət başçısı kimi Sizi bu dönəmdə də Azərbaycanı sosial həmrəyliyin və əmin-amanlığın bərqərar olduğu və dünyaya örnək olan lider ölkə mövqeyinə çatdıracağınıza qəti əminik.

Yeni prezidentlik dövrünün ölkəmiz və xalqımız üçün xeyirli olmasını arzulayır, ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik".

***

Beynəlxalq Türk Akademiyasının prezidenti, Qazaxıstanın Astana şəhəri Darxan Kıdırəlidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının Sizə yüksək etimad göstərməsi bir daha sübut edir ki, zəngin təcrübəniz, yorulmaz fəaliyyətiniz və müdrik siyasətinizlə dövlətçiliyin möhkəmlənməsi, xalqın rifahının yüksəldilməsi yolundakı şərəfli missiyanız vətəndaşların qəlbində böyük rəğbət hissi formalaşdırmışdır.

Zati-aliləri, Azərbaycanda sabitliyin, sülhün qarantı kimi elm və təhsilin inkişafına, türkdilli dövlətlər və xalqlar arasında bu istiqamətdə əməkdaşlığın dərinləşməsinə Sizin dəstəyinizin davam edəcəyinə dərin inamımı ifadə etməkdən şərəf duyuram.

Sizin Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə verdiyiniz dəstək və göstərdiyiniz diqqəti böyük məmnunluq hissi ilə qeyd edir, təşkilatın bundan sonra da türkdilli dövlətlərin elmi əməkdaşlığı və inteqrasiyasına daha böyük həvəslə xidmət göstərəcəyinə sadiq qalacağını bildirmək istəyirəm.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, qardaş Azərbaycan xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti