Çikaqoda 28 may Azərbaycanın Milli Günü elan edilib - FOTO

Çikaqoda 28 may Azərbaycanın Milli Günü elan edilib - FOTO
  17 Aprel 2018    Oxunub:1806
ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri Rahm Emanuel Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyanat verib.
Bəyanatda 1918-ci il 28 may tarixində müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovet İttifaqının tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyanatda bu il 28 may tarixində Çikaqoda və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı vurğulanır.

Sonda şəhərin meri Rahm Emanuel imzaladığı bəyanatda 2018-ci il 28 may tarixini Çikaqoda Azərbaycan Milli Günü elan edir və bütün Çikaqo sakinlərini Azərabycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırır.



AzVision.az


Teqlər: ABŞ   Cümhuriyyət   Çikaqo  





Xəbər lenti