Həmkarları İlham Əliyevi təbrik edib - Yenilənib

Həmkarları İlham Əliyevi təbrik edib - Yenilənib
  18 Aprel 2018    Oxunub:1583
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Aprelin 11-də prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Respublikasının qardaş xalqına Venesuela xalqı və hökuməti adından ən səmimi təbriklərimi çatdırıram. Venesuela Bolivar Respublikasının hökuməti Azərbaycanda mövcud olan seçki sistemini yüksək qiymətləndirir və bu prosesin hörmət, sülh, harmoniya və yüksək seçici fəallığı şəraitində keçirilməsini, eləcə də yüksək səviyyədə təşkil olunmasını alqışlayır. Bütün bunlar xalqlarımızın öz hökumətlərini və ölkəni idarəetmə formasını seçmək üçün öz müqəddəratlarını və suverenliklərini təyin etmək hüquqlarından tam istifadə etməsinə zəmanət verir.

Venesuela Bolivar Respublikasının hökuməti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş Zati-aliləri, cənab İlham Əliyevi təbrik edir və ölkələrimiz arasındakı dostluq münasibətlərini həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də xalqlarımız üçün daha bərabərhüquqlu, ədalətli və insani mühitlə təmin olunmuş çoxqütblü və çoxmərkəzli dünyanın qurulması istiqamətində bizim ölkələrimizin də daxil olduğu Qoşulmama Hərəkatının “Üçlük” qrupu çərçivəsində öz səylərini günbəgün daha da möhkəmləndirmək və inkişaf etdirmək niyyətini bildirir”.

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

“Zati-aliləri, cənab Prezident. Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz Azərbaycan xalqının Sizə olan böyük inamını və ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələri və güclü liderliyinizin nəticələrini bir daha sübut edir. Monqolustan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrini və bir çox sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil və idman sahələrində mövcud olan əməkdaşlığı dinamik inkişaf etdirmək üçün ölkələrimizin böyük potensialı var.

Tam əminəm ki, qarşılıqlı səylərimiz nəticəsində ölkələrimiz arasındakı əməkdaşlıq yeni səviyyəyə yüksələcək. Hörmətli İlham Əliyev, Sizə möhkəm cansağlığı, uğurlar və ən xoş arzularımı çatdıraraq, Sizə münasib bir vaxtda Sizi Monqolustana səfər etməyə dəvət edirəm”.

Eyni zamanda İtaliya prezidenti Sergio Mattarella İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm. Əminəm ki, beynəlxalq səviyyədə güclü tərəfdaşlıqda, eləcə də cəmiyyətlərimizin səmərəli əməkdaşlığında təzahür edən, İtaliya ilə Azərbaycan arasında gözəl münasibətlər qarşıdakı illər ərzində də siyasi, iqtisadi və mədəni sahələrdə birmənalı şəkildə inkişaf edəcək və möhkəmlənəcək. Konstruktiv dialoqu ümumi öhdəliyimiz kimi vurğulayaraq və sülh şəraitində birgə yaşamanın qaynaqlandığı dəyərlərə riayət edərək ümumi təhlükəsizliyə olan çoxsaylı çağırışların həlli yollarını müəyyən etmək üçün birgə çalışmalıyıq. Bu əhval-ruhiyyə ilə yaxın zamanlarda Bakıda Sizinlə görüşməyə ümid edir, Sizə cansağlığı və dost Azərbaycan xalqına rifah diləyir, bir daha ən səmimi arzularımı çatdırıram”.

Macarıstan prezidenti Yanoş Ader də İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib: “İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və and içməyiniz münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırım. İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə daim inkişaf etməsi mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək, ölkələrimizin ümumi maraqlarına və xalqlarımızın rifahına yaxşı xidmət göstərəcək. Sizə ali dövləti vəzifənizdə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani də İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib: "Yenidən qardaş Azərbaycan dövlətinin Prezidenti seçilməyiniz münasibətilə Sizə Əfqanıstan xalqı adından ən xoş və ən səmimi təbriklərimi çatdırıram. Xalqınızın Sizi bu ali vəzifəyə yenidən layiq görməsi xidmətlərinizə verilən yüksək qiymət və gələcək planlarınıza inamın təzahürüdür. Zati-aliləri cənab Prezident, əminəm ki, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz bütün sahələrdə mövcud imkanlar baxımından genişlənəcək və güclənəcəkdir. Bu böyük qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzu edirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Seçki  





Xəbər lenti