“İqtidar komandasında yeniliklər olacaq” – Deputatla MÜSAHİBƏ

“İqtidar komandasında yeniliklər olacaq” – Deputatla MÜSAHİBƏ
  19 Aprel 2018    Oxunub:4863
"Radikal mövqedə dayanmaqla, böhtan, şər kampaniyasına, Qərbdən himayə almaq taktikasına üstünlük verməklə özlərini tükəndirdilər"

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı AzVision.az-ın suallarını cavablandırıb:
- Fəzail müəllim, prezident andiçmə mərasimində qeyd etdi ki, növbəti illərdə görüləcək işlər haqqında plan və proqramlar var. Sizcə, bu plan və proqramlarda nələr nəzərdə tutulur?

- Məncə, iqtisadi inkişaf, sosial problemlərin həlli, ordu quruculuğu, bütövlükdə ölkənin hərtərəfli inkişafına xidmət edən planlar nəzərdə tutulub. Burada iqtisadi, siyasi, hüquqi və sosial məsələlər kompleks şəkildə gözlənilən həllini tapacaq. 2018-ci il prezident seçkilərindən sonra ölkəmiz yeni bir mərhələyə qədəm qoydu. Bu mərhələ Azərbaycan dövlətinin daha da güclənməsinə, bütün sahələrdə inkişafımızın yeni yüksək pilləyə qalxmasına gətirib çıxaracaq. Bu planlarda idarəetmədə islahatlar nəzərdə tutulur. Ölkə başçısı bu məsələ ilə bağlı tezislər şəkilində qeydlər etməklə, mesajlar verdi. Lakin, ölkə başçısı İlham Əliyevin bu anonslarının şərhini biz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sonuncu məqaləsində oxuduq. Hesab edirəm ki, bizi Azərbaycanın gələcək inkişafına hədəflənən ciddi xarakter daşıyan yeniliklər gözləyir.

- Ölkə başçısı çıxışında seçkilərdə iştirak edən bütün namizədlərə öz təşəkkürünü bildirdi və onlara gələcək fəaliyyətlərində uğurlar dilədi. Çıxışda ən diqqətçəkən məqam isə prezidentin “seçki kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır” deməsidir. Bunu siyasi mühitdəki yenilik kimi qəbul etmək olar?

- Prezident seçkidən sonra siyasi mühitə bir sıra yeniliklər gətirdi. Seçkinin ilkin nəticələri açıqlandıqdan sonra ölkə başçısı Heydər Əliyev Mərkəzinin qarşısında xalqla görüşdü. Göstərilən etimada görə, xalqa təşəkkür etdi. Bu, bir yenilik idi. Bunu seçkidən sonra yeni element kimi ortaya gətirərək, öz möhürünü vurdu. Andiçmə mərasimində isə seçkidə iştirak edən digər namizədlərə təşəkkür etdi, onların söylədyi müsbət fikirləri öz fəaliyyətində nəzərə alacağını açıqladı. Bununla da prezident öz opponentlərinə qarşı yüksək siyasi mədəniyyət nümayiş etdirdi, öz hörmətini ifadə etdi. Bu da mahiyyət etibarı ilə siyasi sistemdə seçilən prezidentin opponentlərinə xoş münasibətinin ifadəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda bu qeydə alınan prezidentliyə namizədlərin üzərinə əlavə məsuliyyət qoyur. Onlar cəmiyyətin fikirlərini gündəliyə gətirib, ictimailəşdirməlidirlər. Prezident isə cəmiyyətdən gələn sosial sifarişləri öz fəaliyyətində əsas götürməlidir. Bu çox ciddi yenilikdir. Həm də iqtidar-müxalifət münasibətlərində bir istilik, əməkdaşlıq, xoş münasibətlərin formalaşmasına dorğu atılmış olan ciddi addımdır. Digər bir yenilik isə prezidentin öz ailəsi ilə andiçmə mərasimindən sonra ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət etməsi, Bayraq Meydanında himnimizin sədaları altında qələbəni, seçkinin uğurla başa çatmasını qeyd etməsidir. Bu, ölkə başçısının siyasi sistemə gətirdiyi başqa bir yenilikdir.

- Prezident çıxışında radikal müxalifəti tənqid etdi. Onların siyasi səhnədə yerlərinin olmadığını vurğuladı. Bu haqda nə deyə bilərsiniz?

- Bu fikirlər reallığı əks etdirir. Radikal, inkarçılıq mövqeyi sərgiləyən, barışmaz xətt götürən və yeniləşməyən, xalqın istək və arzularını öz fəaliyyətində əks etdirməyən, xarici qüvvələrin təsiri altında olan radikal qüvvələr həqiqətən tarixin arxivinə getməkdədirlər. Onlar keçirdikləri mitinqlərdə xalq tərəfindən müdafiə olunmurlar. Ona görə də ortada ciddi nəticə yoxdur. Müxalifətin bu qanadı tükənib və ölkə başçısı da bunu çox doğru və dəqiq ifadə edib. Onlar ofis partiyasına çevrilmələrinə baxmayaraq, müxtəlif yollara əl atırlar, ancaq bunlar əbəs yerədir. Ölkə başçısının dediyi kimi onların yeri tarixin zibilxanasıdır. Radikal mövqedə dayanmaqla, böhtan, şər kampaniyasına, Qərbdən himayə almaq taktikasına üstünlük verməklə özlərini tükəndirdilər. İndi Azərbaycanda konstruktiv, dövlətini sevən, dövlətçiliyə müxalifət qütbündə xidmət göstərən qüvvələr formalaşmaqdadır. Ümid edirəm ki, yaxın gələcəkdə bu qüvvələr Azərbaycanın siyasi həyatında daha önəmli rol oynayacaqlar. Ola bilsin ki, onların konsoldasiyası getsin. Yəni, bir neçə partiya birləşərək, vahid müxalifət mərkəzinə çevrilsinlər. Hər kəs, o cümlədən dövlət başçısı da bu fikirdədir ki, ölkədə güclü iqtidarın olduğu kimi, söz sahibi olan, qərəzsiz, böhtandan uzaq, obyektiv fikirləri ifadə edən və konkret təkliflərlə nöqsanların aradan qaldırılmasını irəli sürə bilən müxalifətə ehtiyac var. Bu müxalifət formalaşmaqdadır. Ümid edirəm ki, bu müxalifət öz qütbündə Azərbaycanda demokratik inkişafın təmin olunmasına, dövlətin güclənməsinə öz töhfəsini verəcək.

- Ölkə başçısı çıxışında siyasi islahatların dərinləşdiriləcəyini anons etdi. Nə kimi yeniliklər ola bilər?

- Bütün sahələrdə olduğu kimi siyasi sahədə də islahatlar dərinləşdiriləcək.Siyasi sistemin dayanıqlılığı təmin olunacaq. Ölkə prezidenti məhz bu tezislə müxalifət-iqtidar münasibətlərinin normallaşmasında maraqlı olduğunu ortaya qoydu. İslahatlar nəticəsində siyasi sistemdə partiyaların yeri və rolu güclənəcək. O siyasi partiyalar ki, dövlətçiliyə, müstəqiliyə sədaqət nümayiş etdirəcəklər, müxalifət olaraq cəmiyyətdə mövcud olan nöqsanları, iqtidarın fəaliyyətindəki səhvləri ədalətli, obyektiv, qərəzdən uzaq ortaya gətirəcək. Siyasi sistemin güclü olması, iqtidarın gücünün ifadəsidir. Dövlətin gücü iqtisadiyyatdadırsa, iqtidarın gücü cəmiyyətin sosial sifarişlərini nəzərə alıb, onları həyata keçirməkdə, xüsusən də siyasi sistemi güclü edib, özünün hakimiyyətini möhkəmləndirməkdə və xalqın rəğbətini qazanmaqdadır. Ölkə prezidenti son 15 ildə bu istiqamətdə öz fəaliyyətini qurub. Təsadüfi deyil ki, son prezident seçkilərində xalq öz iradəsini çox böyük ruh yüksəkliyi ilə ortalığa qoydu. Hesab edirəm ki, böyük siyasi mədəniyyət nümayiş etdirildi.

- İqtidar komandasında dəyişiklik gözləyirsinizmi?

- Bəzi istisnalar olmaqla prezidentin kifayət qədər peşəkar və güclü komandası var. Bu komanda ilə Azərbaycan uğurlar qazanıb. Təbii ki, siyasəti müəyyənləşdirən prezidentimizdir. Yeni komanda ilə Azərbaycan daha yüksək pillələrə qalxacaq. Şübhə etmirəm ki, təqdim ediləcək yeni hökumətdə yenə də peşəkarlığa üstünlük veriləcək. Eyni zamanda komandaya, dövlətə sədaqətli olan, vətənpərvər, Heydər Əliyev ideyalarına sədaqəti daşıya biləcək insanlar yeni hökumətdə təmsil olunacaq. Bu insanlar hökumətdə var. Lakin dəyişilməyə və yenilərə şans verilməsinə ehtiyac duyulur. Bir sözlə, komandada yeniliklər olacaq.

Strukturda dəyişikliyin olması gözləniləndir. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sonuncu məqaləsində də bu məsələyə toxunulub. Prezidentin qarşıdakı illərdə həyata keçirəcəyi siyasətin bəzi məqamları üzərində dayanılan məqalədə bu sahədə də dəyişikliyin olması önə çəkilir. İdarəetmədə təkrarçılığın aradan qaldırılması xüsusi şəkildə qeyd olunur. Hesab edirəm ki, biz ayrı-ayrı qurumların ləğv olunması, bəzilərinin birləşdirilməsinin şahidi olacağıq.

- Prezidentin çıxışında bir daha vurğulandı ki, Azərbaycan işğalla barışmayacaq və ordu quruculuğu daha güclü şəkildə davam etdiriləcək. Bu tezis nə ifadə edir?

- Prezidentin son 15 ildə ən çox diqqət etdiyi sahələrdən biri də ordu quruculuğu olub. Azərbaycan ordusu ən müasir silahlarla təchiz olunub və olunmaqdadır. Təsadüfi deyil ki, ordumuz dünyanın ən güclü orduları sırasında 5 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Bu reytinq cədvəlində Ermənistan isə 84-cü pillədə qərarlaşıb. Bu xətt davam etdiriləcək. Görünən budur ki, bizim ordumuzu gücləndirməkdən başqa yolumuz yoxdur. Çünki Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. Nəzərə alsaq ki, qan üzərində hakimiyyətə gələn Serj Sarkisyan və komandası yenə hakimiyyətdə qaldı. Onun hakimiyyətdə qaldığı dövrdə isə münaqişənin sülh yolu ilə həlli perspektivi görünmür. O, işğalı uğur kimi qiymətləndirir və gələcək nəsillərə tövsiyə edir ki, bu uğura söykənərək “Böyük Ermənistan” yaratmaq cəhdlərinizi davam etdirməlisiniz. Belə düşüncə sahibi heç zaman işğala sülh yolu ilə son qoymayacaq. Ona görə də hərbi gücümüzü artırmalıyıq, ordumuzu gücləndirməliyik. Ölkə başçısı bu xətti əsas götürüb. Görünən budur ki, torpaqlarımızı güc yolu ilə işğaldan azad etməliyik. Ölkə başçısının andiçmə mərasimində bu məsələyə toxunması, ona xüsusi əhəmiyyət verməsi məhz bu məntiqə söykənir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Fəzail-Ağamalı   Deputat  





Xəbər lenti