“Gündə 1 manat xərcləyirik” – Tələbə yataqxanasından REPORTAJ (FOTOLAR)

  20 Aprel 2018    Oxunub : 7462
“Gündə 1 manat xərcləyirik” – Tələbə yataqxanasından REPORTAJ (FOTOLAR)
Bölgələrdən təhsil almaq üçün Bakıya gələn tələbələrin bəziləri yataqxanalarda qalır. Doğrudur, tələbə yataqxanalarının hamısında şərait yüksək səviyyədə deyil. Bəzilərində məcburi köçkünlər yerləşdiyindən əksər tələbələr kirayə mənzillərə üz tuturlar.
Bu gün Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərsə də, onların heç də hamısının yataqxanası yoxdur. Kirayə evlərlə müqayisədə qiymət münasibliyi yataqxanalara təlabatı artırır. Burada həm də şərait vacib şərtdir.

Yataqxanada yaşayan tələbələrin şəraitlərini öyrənmək üçün Azərbaycan Dillər Unversitetinin tələbə yataqxanasının qonağı olduq. Universitetin qızlar və oğlanlar üçün nəzərdə tutulan 2 yataqxanası var. Qızlar üçün ayrılan yataqxana binasının iki blokunda məcburi köçkünlər məskunlaşıb.

Yataqxana nəzarətçisi Sevinc Əliyeva bildirib ki, bura 1979-cu ildən fəaliyyət göstərir. 2013-cü ildə yataqxanada əsaslı təmir işləri aparılıb. Son bir il ərzində isə yataqxanada şəraitin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Qızlar üçün nəzərdə tutulan 206 yerlik yataqxanada hazırda 190 tələbə qalır. Bura 1 əcnəbi tələbəni və təxminən 10-a qədər universitetin pedoqoji heyətini əlavə etsək, say tamamlanır.



Jurnalistika ixtisası üzrə təhsil alan tələbə Günay Ələkbərli şəraitdən razı olsa da, yataqxanadan tədris korpusuna qədər olan məsafənin uzaqlığından gileylənib.

“Adətən yataqxanalar universitetlərə yaxın ərazidə yerləşir. Bu yataqxana xeyli müddətdir ki, tikilib və köçürülməsi imkansızdır. Məsafəyə görə dərsin başlamasına 1 saat qalmış evdən çıxırıq. Gün ərzində 1.20 AZN xərcləyirik” deyən Günay yataqxanadakı şəraitlərindən razıdır.



“Təhsil” fakültəsinin ikinci kurs tələbəsi İradə Məmmədova isə yataqxanada həyatının maraqlı olduğunu deyib: “Dərslərimizi hazırlamaq üçün xüsusi otaq və kitabxana var. Hər kəs ayrı-ayrılıqda gedib, dərslərini orada hazırlaya bilər. Bu otaqda həm də asudə vaxtımızı səmərəli keçirmək üçün lazımi şərait yaradılıb. Burada qızlarla hərdən televizor izləyir, bədii kitablar oxuyuruq”.



Tələbələrlə söhbət zamanı məlum oldu ki, onlar təmizlik işlərində də iştirak edirlər.

“Hər mərtəbədə təmizlik işlərinə nəzarət etmək üçün bir tələbə seçmişik və həmin tələbə həftəlik olaraq cədvəl tərtib edir. Cədvələ uyğun növbə ilə təmizlik işləri aparırıq” - “Tərcümə və mədəniyyətşunaslıq” fakültəsinin 2-ci kurs tələbəsi Məlahət Əsədova deyib.

O, həmçinin yataqxananın təhlükəsizlik məsələsinə toxunub: “Təhlükəsizlik baxımından hər şey qaydasındadır. Giriş-çıxış vaxtı səhər saat 07:00-dan axşam saat 23:00-a qədərdir. Yataqxanaya şəxsiyyət vəsiqəsi ilə yalnız qadın yaxınlarımız daxil ola bilər. Hətta analarımız 1 gün bizimlə qala bilər. Bu çox yaxşı imkandır”.



Yataqxananın gözətçisi Mahirə Məmmədquliyeva yalnız işləyən tələbələrin gec gəlmələrinə icazə verildiyini deyib.

Tələbələrin əsas problemi internet, kompüter otağının yoxluğu, soyuducu və paltar dolabının azlığı ilə bağlıdır: “İnternet bizim ən böyük problemimizdir. Çəkilsəydi çox yaxşı olardı. Çünki dərslərimizi hazırlamaq üçün internet lazım olur. Azı 25 manatlıq kontur yükləyib telefondan istifadə edirik. Bu, həm cibimizə münasib deyil, həm də sürəti zəif olur. İnternetin aylıq ödənişini də qarşılamağa hazırıq. Əsas odur internet quraşdırılsın”.



“Hər otaqda 1 rəf var. Bu, tələbə sayına uyğun deyil. Əsas geyimləri bura gətiririk ki, əlavə yer tutmasın. Geyimlərdən əlavə kitabları qoymağa belə yer yoxdur. Bu baxımdan şərait yaradılsaydı, yaxşı olardı”, - tələbələr bildirib.

Türkmənistan vətəndaşı Cəmilə Hacıbabayeva da yataqxanada qalan tələbələrdən biridir. O, digər tələbələr kimi suyun zəif gəlməsindən şikayətlənib.

“Yataqxana ilə bağlı rəhbərlikdən başqa nə istəyiniz var” sualımıza tələbələr maraqlı cavab verdilər: “Biz istərdik ki, universitetdə bu ildən baş tutan “1 Günlük Xəlifə” özünidarə layihəsində “Yataqxana müdiri” – komendatı vəzifəsini də irəli sürsünlər. Burda qalan tələbələrdən kimsə komendat seçilsin və 1 günlük bu vəzifəni icra etsin”.



Gördüklərimizi, eşitdiklərimizi Azərbaycan Dillər Universitetinin Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynovla bölüşdük. Səlahiyyətli şəxs yataqxanada olan problemlərin aradan qaldırılması üçün lazımi işlərin görüldüyünü qeyd edib.

“Yataqxana binasının internetlə təmin olunması universitetin imkanları daxilində yaxın gələcəkdə həll olunacaq. Amma tələbələrin digər problemlərini universitet olaraq hər zaman həll etməyə hazırıq. Yaxın gələcəkdə yeni yataqxana binasının tikilməsi nəzərdə tutulmur. Təhsil Nazirliyinin banklardan biri ilə həyata keçirəcəyi yeni yataqxana layihəsində çalışacağıq ki, biz də universitet olaraq tələbələrimiz üçün yerlər əldə edək”.



Yataqxanada yerləşdirilən məcburi köçkün ailələrinin nə zaman köçürülməsinə gəlincə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin rəhbəri Elçin Qədimov bildirib ki, “köçürülmə prosesi mərhələli şəkildə aparılacaq. Dəqiq vaxt demək mümkün deyil. Hal-hazırda qəzalı şəkildə olan binalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi gündəmdə olduğu üçün ADU-nun yataqxanasından məcburi köçkünlərin köçürülməsi yaxın gələcəyə planlaşdırılıb”.







Ülviyyə Çingizzadə,
Akqabay Mıradov

AzVision.az

Teqlər: Yataqxana   Tələbə