"Azərbaycanda məzhəb ayrıseçkiliyi salmaq istəyirlər" - Səyavuş Heydərov

  20 Aprel 2018    Oxunub : 330
"Azərbaycanda məzhəb ayrıseçkiliyi salmaq istəyirlər" - Səyavuş Heydərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beyləqan rayonunda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.
Komitədən AzVision.az-a verilən xəbərə görə, seminar-müşavirədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, eyni zamanda, bu qurumların İmişli, Saatlı, Sabirabad, FüzuliBeyləqan rayonlarındakı yerli strukturlarının məsul nümayəndələri, prokurorlar, ziyalılar, dindarlar, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirə olunmasıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Şəhadət” filminin süjet xətti, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və radikal qruplaşmaların, qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışıb. Bildirib ki, “Şəhadət” sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi, onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.

Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri, fəsadlarından bəhs edən S.Heydərov qeyd edib ki, radikalizmin və ekstremizmin təsirinə düşməyin başlıca səbəblərindən biri vətənpərvərlik hissinin zəif olmasıdır. Ona görə gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, onları yad təsirlərdən qorumaq üçün hər birimiz çalışmalıyıq. Komitə sədrinin müavini çıxışında dünyada dini zəmində baş verən münaqişələrdən, Yaxın Şərqdə dini radikalizm və ekstremizmin acı nəticələrindən, radikal cərəyanların törətdiyi fəsadlardan söz açıb. Bildirib ki, dünya güclərinin hədəfi İslam ölkələridir. Azərbaycan da bu münaqişələrdən sığortalanmayıb. Çünki Azərbaycan dünya güclərinin maraqlarının toqquşduğu coğrafi məkanda yerləşir. Bu gün Azərbaycanda da məzhəb ayrıseçkiliyi salmaq istəyirlər. Lakin buna baxmayaraq, ölkəmizdə dini durum tam sabitdir.
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından danışan S.Heydərov ölkəmizdəki multikultural və tolerant dəyərlərin dünya üçün örnək olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub. Azərbaycanda olan dini etiqad azadlığı, dövlət-din münasibətləri dünyaya bir nümunədir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycan İlahiyyat İnstitutunun əhəmiyyətindən bəhs edən DQİDK-nın sədr müavini ali məktəbdə dövlətçiliyə, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər, yüksək ixtisaslı kadrların hazırlanacağını bildirib.
Səyavuş Heydərov Prezident seçkilərindən sonra dövlət başçısının Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak etməsini milli-mənəvi, dini dəyərlərimizə verilən yüksək diqqətin daha bir nümunəsi adlandırıb.

Tədbirdə, həmçinin Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev mövzu ilə bağlı çıxış edib, təmsil etdikləri qurumların dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdikləri profilaktik və inzibati tədbirlərdən söz açıblar. Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Vadar Əliquliyev bildirib ki, ölkəmizdə dindarlara dövlət səviyyəsində daim diqqət və qayğı göstərilir, yeni məscidlər tikilir və ya təmir edilir. Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib. Sonda iştirakçılara DQİDK tərəfindən çap olunan nəşrlər paylanılıb.

AzVision.az

Teqlər: İslam   Din   Azərbaycan