FHN-də hərbi attaşelərlə görüş keçirilib

FHN-də hərbi attaşelərlə görüş keçirilib
  20 Aprel 2018    Oxunub:1110
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində aprelin 20-də Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, görüşdə ABŞ, Rusiya, Çin, Türkiyə, Böyük Britaniya, İtaliya, İran, Belarus, Bolqarıstan, Çexiya, Qazaxıstan, Ukrayna, Macarıstan səfirliklərinin hərbi attaşeləri iştirak ediblər.

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə Nazirliyin fəaliyyət istiqamətləri, iş prinsipləri, strukturu və qurumları, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verib. FHN-in beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıq etdiyini vurğulayan F. Tağızadə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiya, Türkiyə və İsrailə prezident İlham Əliyevin göstərişi ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli köməklik göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

Sonra qonaqlar 3 noyabr 2017-ci il tarixində Azərbaycan FHN-in təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilmiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən videoçarxı izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, kapitan Əsmər Salamova Mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış edib.

Toplantıda FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. FHN Beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli hərbi attaşelərə təşəkkürünü bildirib, müvafiq əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu söyləyib.

Tədbirdə attaşelərin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyası adından FHN-ə xatirə hədiyyəsi təqdim edilib.

AzVision.az


Teqlər: FHN   Hərbi-Attaşe  





Xəbər lenti