İqtidarın yeni komandasından gözləntilər nədir?

İqtidarın yeni komandasından gözləntilər nədir?
  23 Aprel 2018    Oxunub:2230
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən həftənin şənbə günü Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Hökumətin tərkibində bir sıra dəyişikliklər edilib. İqtidar komandasının yenilənməsi cəmiyyətdə müsbət addım kimi qiymətləndirilir.
Deputat Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, iqtidarın yeni komandasının Azərbaycana uğurlar gətirəcəyinə şübhə yoxdur.

“İqtidar komandasına yenə Azərbaycan xalqının nümayəndəsi, idarəçilikdə özünü kifayət qədər müsbət rəhbər kimi göstərən prezident İlham Əliyev rəhbərlik edəcək. Onun siyasi xəttinin həyata keçirilməsi ilə əvvəlki illər olduğu kimi növbəti 7 ildə də Azərbaycana uğurlar gətirəcəyinə heç bir şübhə yoxdur. Elan edilən hökumətin tərkibi isə göstərir ki, Azərbaycan özünün strateji xəttini, müsəqilliyimizin qorunması, iqtisadi inkişafımızın təmin edilməsi, əhalinin sosial problemlərinin həll edilməsi və güzəranın yaxşılaşması bundan sonra da siyasətin aparıcı xətti olacaq”.

Deputatın fikrincə, hökumətin tərkibi göstərir ki, prezident özünü təsdiq etmiş yaşlı, orta nəsillə yanaşı gənclərin də birbaşa birinci şəxs kimi idarəetməyə cəlb edilməsi siyasətini davam etdirir.
“Bir neçə nazir vəzifəsinə gənclərin təyin edilməsi onların potensialından istifadənin daim gündəlikdə olduğunu göstərir, Bu xətt bundan sonra da davam etdiriləcək. Hər bir gəncin potensialına və bacarığına cəmiyyətimizin böyük ehtiyacı var. Şübhə yoxdur ki, aparılan seçkinin nəticələri prezidentin andiçmə mərasimində elan etdiyi strateji inkişaf xətti, hökumətin yeni tərkibi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir”.

Politoloq Qabil Hüseynli hesab edir ki, iqtidar komandası yeni dövrün vəzifələrinə uyğun olaraq yenilənib: “Komandanın tərkibində xeyli yeni sima var. Onlar cavan və təcrübəlidirlər. Güman edirəm ki, hökumətin tərkibində dəyişikliklər davam edəcək. Ölkə başçısı bu istiqamətdə axtarışlar aparır. Hesab edirəm ki, prezident 7 il üçün nəzərdə tutulan islahatlarını həyata keçirməyə qadir və peşəkar komandanı formalaşdıracaq. Artıq onun bünövrəsi qoyulub. Güman edirəm ki, komanda işlək olacaq. Ən başlıcası isə yeniliklər gətirməyi, islahatları həyata keçirməyi bacaracaq. Nəticədə Azərbaycanın iqtisadi inkişafının sürətləndirmək imkanlarına malik olacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Aydın-Mirzəzadə   Qabil-Hüseynli   iqtidar  





Xəbər lenti