Prezidentin nazir təyin etdiyi Muxtar Babayevin bioqrafiyası

  23 Aprel 2018    Oxunub : 26149
Prezidentin nazir təyin etdiyi Muxtar Babayevin bioqrafiyası
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib. O, yeni vəzifəsində Hüseynqulu Bağırovu əvəz edib.
AzVision.az xəbər verir ki, Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

M.Babayev əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən bugünədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində işləyib.

7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

AzVision.az

Teqlər: Muxtar-Babayev   Nazir