"Taksilərə 2019-cu ilə qədər cərimə yazılmayacaq" - Ekspert şərh edir

"Taksilərə 2019-cu ilə qədər cərimə yazılmayacaq" - Ekspert şərh edir
  24 Aprel 2018    Oxunub:18693
Yol hərəkətinin təşkili və yol hərəkət qaydaları üzrə tanınmış ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan dəyişiklikləri şərh edib.
AzVision.az xəbər verir ki, ekspert dəyişikliklərin taksi sürücüləri üçün maraqlı olacağını deyib: “Taksilərin tək-tükündə taksometr var. Bəzən DYP taksi sürücülərinə bu qurğu olmadığına görə İXM-in 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdı. Dünən təsdiqlənən dəyişikliyə görə təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir.

Amma bu dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Qanunda birbaşa göstərilir ki, bu dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar 2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz. Görünür, düşünürlər ki, 1 yanvar 2019 tarixinədək taksilər taksometrlə təmin olunacaq”.

Ekspert İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik olan taxoqrafdan istifadə ilə bağlı fikirlərini də bölüşüb: “Bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Yenilik odur ki, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcək. Ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir:

- icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla);

- şəhərlararası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla).

Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur. Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir. Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz. Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil”.

AzVision.az


Teqlər: Taksi  





Xəbər lenti