"Kəndlərdə qızları pula görə tez ərə verirlər" - Millət vəkili
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Əfv Məsələləri Komissiyasının üzvü Elmira Axundova deyib. O bildirib ki, internet, içki, tüfeyli həyat, işsizlik və kişilərin işləmək istəməməsi ailələrdə böyük problemlər yaradır.
E.Axundova Azərbaycanın rayonlarında, xüsusilə kəndlərdə qızların müəyyən ödəniş qarşılığında erkən yaşda ərə verilməsi hallarının artdığını bildirib.
“İnsanların avamlığı və geriliyidir ki, qızlarımıza mülk kimi baxırlar. Fikirləşirlər ki, “məndə bu var və ondan gəlir əldə edə bilərəm. Tez ərə verim, müəyyən qazanc əldə edim”. Bu, bizim mentalitetdən irəli gəlmir. Bu məsələlər Orta Asiyada geniş yayılıb, onlar qızı verirlər, qarşılığında isə böyük məbləğdə pul və ya mülk alırlar. Sovet vaxtında bu ənənə kəsilmişdi. Sovet hakimiyyəti dövründə minlərlə qızlarımız alim, həkim, müəllim olub. İndi niyə belə olduğunu başa düşə bilmirəm. Niyə bizim kəndlərimizdə mənəvi geriləmə müşahidə edilir? Texniki tərəqqi var, internet var, baxırlar. Lakin digər tərəfdən avamlıq və orta əsr ənənələri dirçəlir. Bununla bağlı Milli Məclisdə qanunlar qəbul edilir, Dövlət Komitəsi işləyir, qadın problemləri ilə məşğul olan ictimai birliklər var. Lakin vəziyyət yenə də acınacaqlıdır. Deməli, qanunlar işləmir, ictimai qınaq yoxdur. Hələki, bu qadınları müdafiə edən, onların təhsilinə, ailə mühitinə təsir edən mexanizmi əldə edə bilməmişik. Bakıda yaxşı sözlər deyirik, rayonda konfranslar keçiririk, lakin səhəri günü eşidirik ki, həmin rayonda və ya Bakıda hansısa xoşagəlməz hadisə baş verib. Ya oğlan qızı öldürür, ya hamilə qızı öldürür, ya evdən qovurlar və belə qızların hüquqları olmur”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Elmira-Axundova Millət-Vəkili