Qarabağda yeni toqquşmalar gözlənilir? - Polkovnikdən cavab

Qarabağda yeni toqquşmalar gözlənilir? -  Polkovnikdən cavab
  24 Aprel 2018    Oxunub:9941
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin gələcək inkişafı Sarksiyanın yerinə kimin gəlməsi və mövqeyinin nə olacağından asılıdır”.

Bunu AzVision.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Hərbi ekspert bildirib ki, Ermənistan hakimiyyətində Qarabağ klanın üzvləri olacaqsa, cəbhədə gərginliyin artması istisna deyil.
“Sarksiyan rejimi Qarabağ məsələsində qeyri-konstruktiv mövqe tuturdu. Bu mövqe 10 il idi ki, davam edirdi. Son illər isə cəbhə bölgəsində gərginliyin artması müşahidə olunurdu. Əgər, hakimiyyətdə yenə Qarabağ klanı və ya hakim komandanın əksəriyyətini bu klanın üzvləri təşkil edəcəksə, dəyişən bir şey olmayacaq. Onlar öz qeyri-konstruktiv mövqelərində qalacaqlar. Bu halda isə cəbhədə gərginlik arta bilər”.

Ş.Ramaldanov bildirib ki, Ermənistanda övladlarını Qarabağa göndərmək istəməyən valideynlər və münaqişənin həllinin konstruktiv yollarını axtaran müxalifət qalib gəlib: “Məsələyə bu kontekstdən yanaşsaq, ola bilsin ki, danışıqlar bərpa olunsun. Sarkisyandan fərqli olaraq, yeni hökumət konstruktiv danışıqlara gedə bilər. Burada Azərbaycan ordusunun gücü qarşı tərəfi müəyyən addımlar atmağa da sövq edə bilər. Belə olanda gərginlik səngiyəcək. Amma Ermənistan de-fakto müstəqil deyil. Qarabağ məsələsində daha çox üçüncü dövlətlərin təsiri altındadır. Bu dövlətlərin təsirinin hansı istiqamətdə inkişa edəcəyi Qarabağda müsbət və ya mənfi əksini göstərəcək”.

Ş.Ramaldanov vurğulayıb ki, müharibə davam edir, sadəcə hazırda atəşkəsdir: “Hər şey ola bilər. Ola bilər ki, bu vəziyyətdə Azərbaycan üçün "yaşıl işıq" yansın. Əgər erməni tərəfi qeyri-konstruktiv mövqe tutsa, o zaman Azərbaycan güc yolu ilə qısa zamanda Qarabağdakı işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa edəcək. Əgər belə bir "yaşıl işıq" yansa, Azərbaycan bundan istifadə etməlidir.

Ermənistan böyük hərbi gücə malik deyil. Amma, cəbhədə erməni tərəfinin təxribatı hər an ola bilər. Məsələn, qondarma rejimin imkanları ilə. Bu halda Azərbaycan ordusu hər hansı bir istiqamətdə ola biləcək təxribatın qarşısını alıb, iri miqyaslı əks-hücum əməliyyatını keçirə bilər. Bu, artıq Aprel əməliyyatı kimi yox, tam şəkildə torpaqları azad etməyə hesablanacaq".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ramaldanov   Qarabağ   Cəbhə  





Xəbər lenti