“Zəriflik” Beynəlxalq Musiqi Festivalı başa çatıb

  01 May 2018    Oxunub : 1073
“Zəriflik” Beynəlxalq Musiqi Festivalı başa çatıb
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, “Zəriflik” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin Gəncə Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Kamera Orkestrının ifasında A.Əlizadənin “Cəngi”, D.Şostakoviçin “Vals” və K.Qardenin “Tanqo”su səsləndirilib.

Xalq artistləri Samir Cəfərov, Sevinc İbrahimova, Şahnaz Həşimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifaları alqışlarla qarşılanıb.

Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində Azərbaycan musiqisinin incilərindən olan S.Ələsgərovun “Şaloxo”, F.Əmirovun “Azərbaycan elləri”, S.Rüstəmovun “Həkim qız”, Ü.Hacıbəylinin “Sənsiz”, Ə. Tağıyevin “Gəncəm”, Ə.Tağıyevin “Sən gəlməz oldun”, B.Nəsibovun “Xatırla məni”, M.Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyası, T.Quliyevin “Sevgi valsı” kimi əsələr səsləndirilib.

Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları “Azərbaycan inciləri” və “Qoçəli” Azərbaycan xalq rəqsini ifa ediblər.

Akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalının bağlanış konsertinə Z.Xanlarovanın “Yaşa, mənim xalqım” mahnısının ifası ilə yekun vurulub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalının önəmindən danışaraq qeyd edib ki, bu festival Gəncənin mədəni həyatına yeni nəfəs, yeni həyat gətirmiş oldu. Bunun ənənə halını alacağını deyən şəhər rəhbəri, “Zəriflik” Beynəlxalq Musiqi Festivalının növbəti illərdə də təşkil olunacağını bildirib.

Xalq artisti Şahnaz Haşımova Zərifə xanım Əliyevanın adı ilə bağlı olan “Zəriflik” Beynəlxalq Musiqi Festivalının keçirilməsinin, görkəmli oftalmoloq alimin xatirəsinin əziz tutlması ilə yanaşı, Azərbaycan musiqisinin dünyada tanıdılması və təbliği baxımından da önəmli olduğunu qeyd edib.

Tamaşaçılar, xüsusi ilə də xarici ölkə vətəndaşları təqdim olunan konsert proqramından zövq aldıqlarını dilə gətiriblər. Gəncə əsilli Rusiya vətəndaşı Əsəd İsmayılov “Zəriflik” Beynəlxalq Musiqi Festivalının möhtəşəm təşkil olunduğunu qeyd edib. Nizami yurdunun günü-gündən gözəlləşdiyini, və bu cür festivalların bu gözəlliyə xüsusi bir rəng qatdığını deyən Əsəd İsmayılov Festivalın təşkilatçılarına öz təşəkkürünü bildirib.

Xatırladaq ki, “Zəriflik” Beynəlxalq Musiqi Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. 4 gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan dəvət olunan bədii kollektiv və solistlər iştirak ediblər.

AzVision.az

Teqlər: Gəncə