“Paşinyan baş nazir olmayacaq” - İrəvan hadisələrinə şərh

“Paşinyan baş nazir olmayacaq” - İrəvan hadisələrinə şərh
  04 May 2018    Oxunub:4284
Ermənistanda siyasi böhran getdikcə dərinləşir. Ölkə faktiki olaraq xaos içindədir. Paşinyanın ilk mərhələdə baş nazir seçilməməsi vəziyyəti daha da gərginləşdirib. Buna baxmayaraq, etrazçı lider Serj Sarkisyanın postunu ələ keçirməkdə israrlıdır. Parlamentdə Sarkisyanın partiyasının üstünlük təşkil etməsini nəzərə alsaq, indiki durumda Paşinyanın baş nazir seçilməsi də sual altındadır.
Bundan sonra Ermənistanı nələr gözləyir? Hakimiyyət Paşinyana təslim olacaqmı?

Ermənistandakı durumu AzVision.az-a şərh edən politoloq Sahil İsgəndərov hesab edir ki, İrəvan hadisələrini 2-3 kontekstdən dəyərləndirmək mümkündür.

“Birinci, Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətindən, ümumən Qarabağ klanının son 20 il ərzində orada hakimiyyəti qamarlamasından, cəmiyyəti xaosa sürükləməsindən doğan böyük narazılıq vardı. Xalq bu özbaşnalıqlardan artıq boğaza yığılmışdı. Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə, o cümlədən Ermənistanın birbaşa ağası Rusiyanın və vaxtilə onlara iqtisadi-siyasi dəstək göstərən İranın iştirakı ilə xeyli üçtərəfli və dördtərəfli formatlar, layihələr təşəkkül tapıb, reallaşmaqdadır. Ermənistan isə bu layihələrdən kənarda qalıb. Konkret olaraq Ermənistanın iqtisadi tənəzzüldən qurtarmasının bir yolu var. Bu regional layihələrin iştirakçısı olmaqdır. Ermənistan təcavüzkar siyasətdən əl çəkmədikcə bu real olmayacaq. Azərbaycanın təşəbbüskarı və fəal iştirakı ilə reallaşan layihələrdə Rusiya və İranın iştirakı Ermənistan cəmiyyətində güclü qıcıq yaradıb. Bu, bir daha göstərir ki, həm Moskva, həm Tehran faydalı əməkdaşlıqda səfalət içindəki Ermənistanı yox, Azərbaycanı seçir. Sözsüz ki, bütün bunlar Ermənistanda Sarkisyan hakimiyyətindən narazılığa gətirib çıxardı. Amma, Ermənistandakı daxili siyasi qüvvələr, onları idarə edən ağalar, oyunçular, aktorlar xalqın haqlı narazılığını hansı məcraya yönəltmək fikrindədirlər? Əsas sual budur”.



S.İskəndərovun fikrincə, Ermənistandakı hadisələrə Rusiya-Qərb geosiyasi qarşıdurmasının bir konteksti kimi baxmaq lazımdır: “Qərb Ukraynada Rusiya üçün güclü bir baş ağrısı yaradıb. Onu da nəzərə alaq ki, Rusiya üçün Ermənistanın əhəmiyyəti Ukrayna qədər deyil. Amma, Ermənistan Rusiyanın Cənubi Qafqazda istinad nöqtəsidir. Ermənistanda olan iki hərbi baza onu göstərir ki, Rusiya heç də bu ölkəni xoşluqla əldən vermək fikrində deyil. Məsələ burasındadır ki, Ermənistan həmişə ikibaşlı, üçbaşlı oyunlar oynayıb. SSRİ vaxtında, ondan sonra da belə olub. Təəssüflər olsun ki, Rusiyadakı ifrat ermənipərəst qüvvələr Ermənistanı Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi kimi qələmə verməyə çalışır. Bu müstəvidə Kremlin siyasəti əhəmiyyətli dərəcədə dəyişmir. Birmənalı şəkildə aydındır ki, Qərb çox ustalıqla Ermənistanda oyunlar aparırlar. Haqlı narazılıqları özlərinin xeyrinə istifadə etməyə çalışırlar. Rusiya isə öz oyununu oynayır”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyanın hansı cəbhəyə oynamasının elə bir əhəmiyyəti olmayacaq: “Paşinyanın baş nazir seçilməsi ehtimalı çox azdır. Çünki Rusiya ona etibar etmir. Bütünlüklə Rusiyanın caynağında olan Serj Sarkisyan Avropa İttifaqı ilə o qədər də əhəmiyyətli olmayan saziş bağladısa, Kreml Nikol Paşinyandan nə gözləməlidir? Rusiya stavkanı Respublikaçılar Partiyasına edir və onun mövqeyinin qorunub saxlanılmasına çalışır. İstəyirlər ki, ən azı növbədənkənar parlament seçkiləri keçirilənə qədər Sarkisyanın keçmiş silahdaşlarından biri bu postda qalsın. Bundan sonrakı proseslərdə hansı fiqur ətrafında Qərblə Rusiyanın danışmadan razılığa gəlməsi əsas rol oynayacaq. Amma bu kompromis fiqur qısamüddətli ola bilər. Çünki, mübarizədə toqquşan tərəflər öz adamını başda görmək istəyir”.



S.İskəndərov qeyd edib ki, Ermənistandakı Qərb-Rusiya qarşıdurmasında Rusiya güclü tərəfdir: “Bu mübarizdə Rusiya daha güclüdür. Çünki orada iki hərbi bazası var. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ilə Ermənistanı təzyiq altında saxlayır. Bu, reallıqdır. Rusiya telekanallarında gedən analitik verilişlərdə bu ölkə daha çox Dağlıq Qarabağ münaqişəsi ilə qorxudulur. Yəni Rusiya bu yolla Ermənistanı əldə saxlamağa çalışır. Bunun özü isə böyük təəssüf doğurur. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Bu məsələdə alver etmək, sövdələşmə aparmaq Rusiyaya yanaşmır. Rusiyanın bu yanaşması o deməkdir ki, işğala, Ermənistanın təcavüzkar siyasətinə dolayısıyla dəstək verir. Doğrudur, Rusiyanın siyasi rəhbərliyinin bəyanatı olmasa da, bu cür fikirlər səsləndirilir”.

Ermənistanda proseslərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq çətindir. Hesab edirəm ki, istənilən halda son nəticədə baş nazir postuna Rusiyapərəst biri əyləşəcək. Nikol Paşinyanın baş nazir olmaq şansı yoxdur. Nə Qərb, nə də Rusiya onun bu posta oturmasında maraqlıdır. Nikol Paşinyan müəyyən kənar qüvvələrin ssenarisində aranı qarışdıran biridir. O, sehrbazın papağından dovşanın çıxarılması üçün istifadə olunan alət rolunu oynayır. Düşünürəm ki, mayın 8-də də Paşinyan baş nazir seçilməyəcək. Hətta ola bilər ki, növbəti seçkidə ona qarşı alternativ fiqur ortaya çıxarılacaq”, -deyə S.İskəndərov bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti