Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib - FOTOLAR

Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib - FOTOLAR
  07 May 2018    Oxunub:2567
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 7-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, konfransda Azərbaycan Respublikası baş prokurorun müavini-hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Hərbi Prokurorluğun əməkdaşları, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Respublika Hərbi Prokurorluğunun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin abidəsi önünə əklil qoyub və gül dəstələri düzərək bu böyük şəxsiyyətə dərin ehtiramlarını bildiriblər.



Konfransda əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elmi-praktiki konfransda çıxış edən hərbi prokuror Xanlar Vəliyev dahi şəxsiyyətin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və millətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açaraq, Ulu Öndərin müəyyən etdiyi, Azərbaycanın parlaq gələcəyinə hesablanmış siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə edilmiş böyük nailiyyətləri diqqətə çatdırıb.



Hərbi prokuror bildirib ki, bir qərinədən də çox zaman kəsiyində ölkəmizin rəhbəri olmuş ümummilli lider Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı baсarıb.



Xanlar Vəliyev qeyd edib ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə - 1993-cü ildə xalqın təkidli çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Dahi rəhbər dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas edərək Azərbaycanı keçmiş Sovet İttifaqından miras qalmış rejimdən çıxararaq, ölkəmizin güclü iqtisadiyyatı olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq olub.



Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə doğru qərar qəbul etmək baсarığını və qələbələrini şərtləndirən amillər idi. Azərbaycan xalqının ən parlaq şəxsiyyətlərinin fövqündə dayanan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən bəhs edən Xanlar Vəliyev son 15 il ərzində ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsini, dövlətimizin daha da qüdrətlənməsini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan ötən dövrdə misli görünməmiş uğurlar əldə etməklə, iqtisadiyyatının 3,5 dəfədən çox artmasına, 1,6 milyondan çox yeni iş yerinin açılaraq işsizliyin 5 faizə endirilməsinə, yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azaldılmasına nail olub.



Bununla yanaşı, maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı müasir silah və digər hərbi texnika ilə zənginləşdirilmiş, şəxsi heyəti dərin nəzəri biliklərə və peşəkar vərdişlərə malik hərbçilərlə komplektləşdirilmiş, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb. Habelə ölkənin müasirləşməsi sahəsində irimiqyaslı layihələr icra olunub, paytaxt Bakı ilə yanaşı, regionlar da sürətli inkişaf etdirilib, insanların yaşayış və əmək şəraiti əsaslı yaxşılaşdırılıb. Xanlar Vəliyev bildirib ki, ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla, dünya dövlətləri sırasında mövqeyini gücləndirib.



Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan danışan hərbi prokuror bu nailiyyətlərin qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Xanlar Vəliyev Birinci vitse-prezident Mehriban xanımın böyük dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin hərtərəfli və sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılması istiqamətində zəngin və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.



Milli Məclisin deputatı Musa Quliyev və İlham Məmmədov böyük şəxsiyyət Heydər Əliyevin zəngin və mənalı həyatından, ali idarəçilik təcrübəsindən, onun uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməsindən danışıblar. Sonda Xanlar Vəliyev aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə düzgün seçim etdiyini, bu müdrik seçimin Ümummilli Liderə və Prezident İlham Əliyevə xalqda yaranmış sonsuz inam və sevgidən irəli gələn zərurətdən doğduğunu xüsusi vurğulayaraq bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən siyasətin Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilməsində, o cümlədən dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, qanunun aliliyinin təmin edilməsində yaxından iştirak etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan bu siyasəti daim dəstəkləyəcək. Tədbir əbədiyaşar öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

AzVision.az


Teqlər: Hərbi-Prokurorluq   Heydər-Əliyev  





Xəbər lenti