“15 ildə polislərin maaşı 16 dəfə artıb” - Ramil Usubov

  08 May 2018    Oxunub : 734
“15 ildə polislərin maaşı 16 dəfə artıb” - Ramil Usubov
“Son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində cənab Prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb”.
AzVision.az-ın xəbərinə görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib. Onun sözlərinə görə, sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb.

“Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb. Şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ildə 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik zati-aliləri prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın genişmiqyaslı inkişafının və müstəqillik kursunun əsas təminatçı amillərindəndir". - deyə nazir qeyd edib.

AzVision.az

Teqlər: DİN   Polis