Hicran Hüseynova BMT rəsmisi ilə görüşüb

Hicran Hüseynova BMT rəsmisi ilə görüşüb
  08 May 2018    Oxunub:1353
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı rəhbəri Furio de Angelis ilə görüşüb.
Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinə daim diqqət və qayğı ilə yanaşır. Qeyd edilib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Onların sosial problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində ölkəmizdə yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər əvəzolunmazdır.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova qaçqın və məcburi köçkün qadınların məşğulluq problemlərinin həlli istiqamətində ikitərəfli əməkdaşlığın genişləndirilməsini təklif edib. Eyni zamanda, qadınların reproduktiv hüquqlarının və əhalinin sağlamlıq mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. Hicran Hüseynova qaçqın və məcburi köçkün qadınların məşğulluq istiqamətində iştirakının artırılması məqsədilə yeni uşaq bağçalarının açılmasını çıxış yolu kimi təklif edib.

Müzakirə çərçivəsində Furio de Angelis qaçqın və məcburi köçkün qadınlardan ibarət dəstək şəbəkəsinin yaradılması və fəaliyyəti haqqında məlumat verib.

Görüşdə qaçqın və məcburi köçkün ailələrlə maarifləndirmə və reabilitasiya işinin davam etdirilməsinin vacibliyi qeyd edilib. Xüsusilə, cari ildə regional təlimlərin keçirilməsi və araşdırmaların aparılması sahəsində müzakirələr olub.

AzVision.az


Teqlər: BMT  





Xəbər lenti