Baş Prokurorluqda Ulu Öndərin xatirəsi anılıb - FOTO

Baş Prokurorluqda Ulu Öndərin xatirəsi anılıb - FOTO
  08 May 2018    Oxunub:1396
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, konfransda çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixi və bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycanın və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub.



“Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşərək, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız hüquqi bir dövlətdə, milli dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə edib. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovet dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaradıb, daha sonra Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işləri həyata keçirib”, - deyə o vurğulayıb.

Baş prokuror qeyd edib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib: “Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarıb. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və yenidən formalaşmasına görə ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Heydər Əliyevin 2000-ci il 26 aprel tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarixində əsil dönüş nöqtəsi olub, ulu öndərin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirib. Həyata keçirilən tədbirlər sayəsində prokurorluğun müasir məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, yüksək standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olub”.



Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov isə Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd edilməsinin dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramın göstəricisi olmaqla yanaşı, mühüm dövlətçilik ənənəsinə çevrildiyini diqqətə çatdırıb. Bu yüksək ehtiramın Heydər Əliyevin vətən və xalq qarşısında misilsiz xidmətlərinə görə dərin minnətdarlığın nümunəsi olduğunu vurğulayan baş nazirin müavini diqqətə çatdırıb ki, Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük azərbaycanlıdır: “Müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər Azərbaycanın sürətli inkişafı, tərəqqisi və yüksəlişi ili olub. Ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə rəhbərliyi illərində Azərbaycanın sürətlə inkişaf edərək keçib SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrilib. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkənin sürətli inkişaf yoluna çıxarılmasında dahi rəhbərin misilsiz xidmətləri olub. Məhz bu xidmətlərinə görə Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Heydər Əliyevin Azərbaycanın çoxəsrlik milli dövlətçilik tarixində ən qüdrətli və nadir dövlət xadimlərindən olduğunu vurğulayıb: “Akademik Heydər Əliyevin görkəmli dövlət xadimi kimi yetişməsində dünyanın super dövlətlərindən biri olan SSRİ-nin siyasi sistemini dərindən mənimsəməsi və həmin zəmində özündə müstəqil dövlətçilik dünyagörüşü formalaşdırması mühüm rol oynayıb”.

İ. Həbibbəyli Heydər Əliyevin dünyanın görkəmli şəxsiyyətləri tərəfindən nadir dövlət adamlarından biri kimi dəyərləndirildiyini vurğulayaraq, dahi rəhbərin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi illərində ölkəmizdə elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin görkəmli himayədarı olduğunu bildirib.

Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov Heydər Əliyevin Azərbaycanda müasir hüquqi dünyəvi dövlətin banisi olaraq milli dövlətçilik konsepsiyasının müəyyən edilməsində, ölkənin hüquq və qanunvericilik sisteminin qurulmasında, yüksək beynəlxalq standartlara uyğun məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin, o cümlədən hüquq mühafizə orqanlarının formalaşdırılmasında misilsiz xidmətlərini qeyd edib. O qeyd edib ki, Azərbaycanda ölkənin əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələri olub.

Konfransın işinə yekun vuran Zakir Qaralov prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirib ki, prokurorluğun kollektivi daim Heydər Əliyev ideyalarına sadiq olacaq, onun unudulmaz xatirəsini əziz tutacaq və bütün qüvvələrini Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə istiqamətləndirəcək.

Tədbirin sonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Vətənə, xalqa həsr edilən ömür” filmi nümayiş etdirilib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   Heydər-Əliyev  





Xəbər lenti