Putinin müraciəti: “Heydər Əliyev əsl lider olub”

Putinin müraciəti: “Heydər Əliyev əsl lider olub”
  10 May 2018    Oxunub:18617
““Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılışı münasibətilə Sizi ürəkdən salamlayıram. Bu sərgi görkəmli şəxsiyyətin, öz Vətəninin sədaqətli oğlunun, həqiqi vətənpərvərin anadan olmasının 95 illiyinə həsr edilib.”.
AzVision.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış iştirkaçılarına göndərdiyi müraciətdə yer alıb. Müraciəti Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Putin müraciətdə qeyd edib ki, Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb.

“Son dərəcə mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin birləşdirilməsi üçün çox işlər görüb, xalqın əsl liderinə çevrilib.

Qeyd etməliyəm ki, Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü. Sevindirici haldır ki, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev bu kursu ləyaqətlə davam etdirir.

Bu genişmiqyaslı sərgi tarixçilərin, arxiv mütəxəssislərinin və dövlət nümayəndələrinin birgə səylərinin nəticəsidir. Sərginin hazırlanmasında iştirak edənlərin hamısına təşəkkürümü bildirmək, ekspozisiyanın ziyarətçilərinə isə parlaq, unudulmaz təəssüratlar arzu etmək istərdim.”.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərginin açılışı olub. Tədbir Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti administrasiyaları və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Heydər-Əliyev   Putin  





Xəbər lenti