“Heydər Əliyev vətənpərvərlik və əzmkarlıq nümunəsidir” – Azay Quliyev

  10 May 2018    Oxunub : 374
“Heydər Əliyev vətənpərvərlik və əzmkarlıq nümunəsidir” – Azay Quliyev
Bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.
İclasda Ulu Öndərin haqqında danışan deputat Azay Quliyev deyib ki, “Heydər Əliyevi dahi şəxsiyyət, böyük dövlət adamı və ulu öndər zirvəsinə ucaldan nədir” sualına cavab versəm, onun xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərini, tarixi xilaskarlıq missiyasını və mükəmməl siyasi portretinin əsas cizgilərini ümumiləşdirərək aşağıdakıları qeyd edərdim:

- Heydər Əliyev yenicə müstəqilliyini bərpa edən Azərbaycanı bir tərəfdən Ermənistanın işğalı, digər tərəfdən etnik separatizm və vətəndaş müharibəsi nəticəsində məhv olmaq, dağılmaq və yenidən müstəqilliyini itirmək təhlükəsindən qurtardı, Cümhuriyyət qurucularının 100 il bundan öncə elan etdikləri müstəqil Azərbaycana sahib çıxdı, onların yarımçıq qalan müstəqil dövlət qurmaq arzularını gerçəyə çevirdi, dövlətimizin istiqlalını əbədi və dönməz etdi.

- Heydər Əliyev müasir Azərbaycanın memarı kimi ölkəmizin dünyada layiqli yerini tutması üçün mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı və onu reallaşdırmağı bacardı.

- Heydər Əliyev iqtisadi və siyasi baxımdan çökmüş bir ölkənin milli inkişaf strategiyasının təməl prinsiplərini müəyyənləşdirdi: bütün təhdid və təhlükələrə rəğmən həyati əhəmiyyətli neft müqavilələrini imzaladı, köklü iqtisadi, sosial və hüquqi islahatlar həyata keçirdi və güclü və vahid komandana tabe olan ordu quruculuğunun əsasını qoydu.

- Heydər Əliyev Azərbaycan dövlətinin milli ideyasını konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğunun tələblərinə uyğun yeni məzmun verdi və onu bütün dünya Azərbaycanlılarının birliyinin və həmrəyliyinin əsasına çevirə bildi.

- Heydər Əliyev regionda və dünyadakı qüvvələr nisbətini dəqiq müəyyən edərək Azərbaycanın ilk növbədə qonşuları, sonra isə dünya gücləri ilə balanslı və milli maraqları özündə əks etdirən müstəqil xarici syasət kursunun əsasını qoydu və onu uğurla tətbiq etdi.

- Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını qəbul etməklə sivil, demokratik, çoxpartiyalı dövlət idarəetmə sisteminin formalaşdırılmasını və ölkədə vətəndaş cəmiyyətinin təşəkkül tapmasını, ən vacibi isə möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi təmin etdi. Silahlı müxalifətin mövcudluğu və güc yolu ilə hakimiyyəti zəbt etmək praktikasını birdəfəlik aradan qaldrıdı və bununla da Azərbaycanı Əfqanıstanın və Suriyanın uzun müddət yaşadığı faciəli siyasi taleyini yaşamaqdan xilas etdi.

- Heydər Əliyev başladığı böyük dövlət quruculuğu və xilaskarlıq missiyasını cənab İlham Əliyev kimi qətiyyətli, bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə, dövlət adamına etibar etməklə ölkəmizin güclənməsinin və inkişafının, xalqımızın firavanlığının və rifahının, cəmiyyətimizin təhlükəsliyinin və sabitliyinin, ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan milli davanın və mücadilənin uğurlu davamına tam zəmanət verdi”.

Azay Quliyev deyib ki, yüksək mənəvi keyfiyyətə, idarəetmə bacarığına və fitri istedada malik Ümummilli liderimiz Heydər Əliyevin bütün həyat və fəaliyyəti hər bir soydaşımız üçün vətənpərvərlik, əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir.
Heydər Əliyevin işıqlı və əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulacaq, onun ideyaları və siyasi məfkurəsi əbədiyyən yaşayacaqdır.

Teqlər: Heydər-Əliyev