“AXC-Müsavat hakimiyyəti xalqa böyük zərbələr vurub” - İlham Əliyev

  10 May 2018    Oxunub : 2104
“AXC-Müsavat hakimiyyəti xalqa böyük zərbələr vurub” - İlham Əliyev
"Ovaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi"
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.

Ölkə başçısı bildirib ki, xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdı.

"Biz o günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o anti-milli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir",

Prezident qeyd edib ki, 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir: "Baxmayaraq, 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir, ancaq Azərbaycan xalqı imkan vermədi ki, cinayətkar ünsürlər hakimiyyəti bir daha qanunsuz zəbt etsinlər. Əlbəttə ki, Heydər Əliyevin nüfuzu, onun cəsarəti, onun siyasəti imkan vermədi ki, kimsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin".

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Heydər-Əliyev   95-İl