İlham Əliyev: “Fəxr edirəm ki, sözümə əməl etdim”

İlham Əliyev: “Fəxr edirəm ki, sözümə əməl etdim”
  11 May 2018    Oxunub:1974
"2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərmişdir və o gündən bu günə qədər çalışıram ki, bu etimadı doğruldum. 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir".
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.

Ölkə başçısı bildirib: "Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır, insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir".

Prezident qeyd edib ki, Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub: "Biz son 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparırıq. Bizim milli dəyərlərimiz, ənənəvi dəyərlər bizim üçün əsasdır. Çox şadam ki, bu gün gənc nəsil milli ruhda tərbiyə olunur və milli ləyaqət hissləri güclənir, müstəqillik ən böyük sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənir".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti