Fuad Ələsgərov: “Ordumuz öz gücünü aprel döyüşlərində göstərib”

Fuad Ələsgərov: “Ordumuz öz gücünü aprel döyüşlərində göstərib”
  11 May 2018    Oxunub:12762
“Müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır. Hazırda ordumuz müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli ordudur”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sevdiyim” adlı layihənin təqdimat mərasimində çıxışında deyib.

F.Ələsgərov bildirib ki, bugünkü tədbir iki mötəbər hadisə - Azərbaycan xalqının Ümummilli Lideri, xilaskarı Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının100 illik yubileyləri münasibətilə həyata keçirilir:

“Bu gün həm də, artıq qeyd edildiyi kimi, Azərbaycanın dövlət bayrağına həsr olunmuş klipin təqdimatında iştirak edirik. Müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il 9 noyabr tarixində təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq yalnız 23 ay Xalq Cümhuriyyətinin üzərində dalğalana bildi. Lakin Cümhuriyyətin süqut etməsinə baxmayaraq Azərbaycan xalqı müstəqillik bayrağımızı daim öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb. 1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi: “O, deyirdi: “Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Üçrəngli bayrağımızın Azərbaycan dövləti tərəfindən təsdiq edilməsi barədə məsələ də Azərbaycanın Ali Soveti qarşısında məhz Ümummilli Liderimiz tərəfindən qaldırıləb. Yalnız bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu il 17 noyabr tarixində imzaladığı Sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Möhtərəm Prezidentimiz İlham Əliyev 2007-ci il noyabrın 17-də “Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamış və 2010-cu il sentyabrın 1-də dünyanın ən hündür bayrağının ucaldığı Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidentinin üçrəngli bayrağımız barədə fəxrlə dediyi sözlər hamımızın yaddaşına həkk olunub. O, xüsusilə deyib: “Bizim bayrağımız qürur mənbəyimiz, canımız, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq””.

F.Ələsgərov qeyd edib ki, artıq 28 ildir üçrəngli bayrağımız enmədən başımız üzərində dalğalanır: “Ümummilli Liderimizin dəfələrlə dediyi kimi Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün bu bayraq adi dövlətin deyil, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlər vermiş, dünyaya özünü tanıda bilmiş, güclü iqtisadiyyat qurmuş, regionda aparıcı qüvvəyə çevrilmiş dövlətin bayrağıdır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı görsəydilər, fəxr edərdilər.

Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı əlbəttə ki, ilk növbədə müasir dövlətimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevə borcludur. Öz ömrünü Azərbaycan dövləti və xalqının inkişafına həsr etmiş bu dahi insanın Azərbaycan tarixində rolu əvəzsizdir. Heydər Əliyev şəxsiyyətibugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.

Prezidentin köməkçisi bildirib ki, 1969-cu ildə Ümummilli Lider Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqında ən geridə qalmış respublikalardan biri kimi tanınırdı: “Lakin onun 13 illik rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının ən inkişaf etmiş və qabaqcıl respublikalarından birinə çevrilib. 1993-cü ildə isə Ulu Öndərin qarşısında daha çətin vəzifələr dururdu. Azərbaycan demək olar ki, öz müstəqilliyini itirmək ərəfəsində idi. Ölkə parçalanırdı, idarəolunmaz vəziyyət yaranmışdı. İqtisadiyyat tənəzzülə uğramışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu və onu ölkəyə rəhbərlik etməyə çağırdı. Bu, müasir tariximizin həlledici dönüş nöqtəsi oldu”.

F.Ələsgərov vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib: “Azərbaycanda siyasi sabitlik təmin edilib, dövlət quruculuğu prosesi uğurla aparılıb, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Köklü siyasi islahatlarla yanaşı, iqtisadi-sosial sahədə böyük layihələr həyata keçirilib, ölkəyə iri həcmli investisiyalar cəlb edilib. Ulu Öndərin böyük səyləri nəticəsində Azərbaycanın əsas təbii sərvəti olan neftin dünya bazarlarına çıxarılması üçün dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub.

Bu gün Ulu Öndərin siyasəti möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulub. Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır. Üçrəngli bayrağımız BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzərində dalğalanır.

Müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır. Hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli bir ordudur. Bu ordu öz gücünü 2016-cı ilin aprel döyüşlərində göstərdi və üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaltdı. Əminik ki, çox yaxın zamanlarda, Azərbaycanın görkəmli dramaturqu və şairi Cəfər Cabbarlının sözləri ilə desək, “yaşıl donlu, mavi gözlü, al yanaqlı” bayrağımız Şuşada, bütün Qarabağda dalğalanacaqdır”.

“Azərbaycanın dövlət bayrağına həsr edilmiş bu gözəl layihənin ərsəyə gəlməsində xidməti olmuş hər kəsə - ASAN Xidmətə, ASAN könüllülərinə, ASAN Radioya,klipin bütün yaradıcı heyətinə, xüsusilə tanınmış sənətçimiz Tünzalə xanım Ağayevaya təşəkkür edirəm. Bu əsər Azərbaycan xalqının üçrəngli bayrağına bir əsrlik sadiqliyini, bağlılığını və hörmətini nümayiş etdirir”, - F.Ələsgərov bildirib.

Prezidentin köməkçisi çıxışını Ulu Öndərin “Bu bayraq Azərbaycan dövlətinin üzərində daima dalğalanacaq və heç vaxt enməyəcəkdir” sözləri ilə yekunlaşdırıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Fuad-Ələsgərov   Ordu  





Xəbər lenti