Cəmil Quliyev vəzifəsindən ayrıldı - İTV-də yeni rəhbər

Cəmil Quliyev vəzifəsindən ayrıldı - İTV-də yeni rəhbər
  11 May 2018    Oxunub:7384
İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Bu barədə AzVision.az-a İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından bildiriblər.
Qeyd olunub ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib. Məsələ ilə əlaqədar açıqlama verən C.Quliyev deyib ki, səhhətində yaranmış problemlər, eyni zamanda, həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: “Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim.

Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni yeni uğurlar arzulayıram.

Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əsgəri olacağam, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacağam”.

AzVision.az


Teqlər: İTV   Cəmil-Quliyev  





Xəbər lenti