Fuad Muradov Rumıniyanın dövlət katibi ilə görüşüb

Fuad Muradov Rumıniyanın dövlət katibi ilə görüşüb
  14 May 2018    Oxunub:1095
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda səfərdə olan Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, F.Muradov qonaqları Bakıda görməkdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan diasporunun Avropada və xüsusilə Rumıniyada mövcud durumu barədə məlumat verib.

Dövlət Komitəsinin sədri eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında diasporun rolunu qeyd edib. O, Azərbaycan icmasının yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya olunmasına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm veirildiyini qonaqların diqqətinə çatdırıb.

Bu günlərdə dünya azərbaycanlılarının iki mühüm hadisəni – ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərini qeyd etdiklərini deyən Fuad Muradov qazanılan uğurlarına ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi olduğunu bildirib və hə zaman bu siyasəti dəstəklədiyini vurğulayıb.

Dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirib. O, dünyanın bir çox ölkəsində yaşayan çoxsaylı rumın diasporu haqqında, onların təşkilatlanması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası barədə ətraflı məlumat verib, ölkəsində bir çox etnik azlıqların yaşadığını və onların fəaliyyəti üçün dövlət tərəfindən münbit şəraitin yaradıldığını da qeyd edib.

Dövlət Katibi eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə maraqlanaraq, Azərbaycanın bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini bildirib. Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

AzVision.az


Teqlər: Fuad-Muradov   Rumıniya  





Xəbər lenti