Cəmil Həsənlini "Meydan"da ifşa etdilər - FOTOFAKT

  16 May 2018    Oxunub : 13004
Cəmil Həsənlini "Meydan"da ifşa etdilər - FOTOFAKT
Anti-Azərbaycançı Emin Milli ilə radikal partiya sədri Əli Kərimli və dəstəsi arasında başlayan qalmaqal səngimir. Müxaliflərin vitrual savaşı şou-biznes nümayəndələrinin saçyoldu davasını da geridə qoyub.
"Burda mənəm, Bağdadda kor xəlifə" deyib, günlərdir bir-birilərinin bostanına daş yağdırırlar. Deyəsən, atılan daşlardan ən böyüyü Cəmil Həsənlinin "bostanı"na düşüb...

Yazılan statuslardan məlum olur ki, Emin Milli rəhbəri olduğu "Meydan TV"-də Əli Kərimli və Cəmil Həsənlinin çıxışlarına qadağa qoyub. C.Həsənli bu barədə özünün "Facebook" səhifəsində yazıb. Məlum statusdan sonra ara daha da qızışıb, "Meydan"ın işçiləri Həsənlinin üstünə tökülüşərək ondan sübut tələb ediblər.

Emin Millinin Orxan Məmməd adlı işçisi C.Həsənlinin yalan danışdığını deyib, hətta onu təhqir etməkdən belə çəkinməyib.

“Bunu demək ən azı sizin üçün ayıb olmalıdır, Cəmil bəy. Axı bu boyda komandanın haqqını tapdalamaq olmaz...Yəqin ki, Cəmil bəy sadəcə çox yorulub, yoxsa qocaman tarixçidə bu qədər aqressiya normal deyil”.



C.Həsənlinin cavabı gecikməyib. O, "Orxan Məmməd, özünə ayıb olsun" deyərək “yağlı” bir status yazıb.

Həmin statusu təqdim edirik: “Orxan Məmməd bəy dünən bizə qarşı bir yazı paylaşmışdı və aramızda kifayət qədər yaş fərqi olmasına baxmayaraq yazısında təhqir elementləri var idi. Mən ona bundan çəkinməyi məsləhət etdim və xatırlatdım ki, ayıb belə şeyləri demək deyil, ayıb tərəfsiz, qərəzsiz, obyektivliyə iddialı bir mediya qurumunda Milli Şura və Xalq Cəbhəsi rəhbərliyinin proqramlara çağırılmaması haqqında aparıcılara göstərişlər verməkdir. Orxan bəy bildirdi ki, "bu ittihamdır, sübut gərəkdirir, sübut olmasa böhtandır". Mən sübut qoydum ortaya. Lakin dünəndən bəri Orxan bəy nə üzrxahlıq edib, nə də münasibət bildirib. Görünür, sübutumuz yetərli olmayıb. Əlavə sübuta ehtiyac var. Buyurun onu də təqdim edək. Telejurnalist Sevinc Osmanqızı Meydan.tv-də çalışanda rəhbərlik tərəfindən ona bildirilib ki, Milli Şura və Xalq Cəbhəsinə bu media qurumunda moratorium, yəni qadağa qoyulub, əlavə edilib ki, bu, bizim media siyasətidir və onu pozmaq olmaz. Əli Kərimli ilə apardığı bir video müsahibəyə görə jurnalistə irad bildirilib və ona moratoriumu pozmamaq barədə xəbərdarlıq edilib”



Virtual müzakirələrə qoşulan “Meydan TV”-nin əməkdaşı Sevinc Vaqifqızı babası yaşlı C.Həsənlinin yalanını üzə çıxarıb. Məlum olub ki, C.Həsənli sən demə, özü özündən müsahibələr alırmış...

Gənc jurnalist yazıb: “Cəmil bəy, mən də bunları yazmaq istəməzdim, amma siz bu yazınızla məcbur etdiniz. Özünüzdən müsahibə alıb Sevinc Osmanqızına göndərmisiniz. Bu da elə təqdim olunub ki, guya Sevinc Osmanqızı sizdən müsahibə alıb. Müsahibə ilə bağlı şübhələr yarananda Sevinc xanım etiraf edib ki, siz ona hazır müsahibə göndərmisiniz və o da "Meydan"a yönəldib. Bundan sonra belə halların baş verməməsi üçün ona xəbərdarlıq edilib. Yəqin bilirsiniz ki, bizim işimiz sual verməkdi, öz-özündən müsahibə alıb göndərən adamları yayımlamaq deyil...”



Bundan sonra ara qarışıb, məzhəb itib. C.Həsənlinin yalan danışdığını sübut edən faktın birini də jurnalist Aynur Elgünəş ortaya çıxarıb:

“Cəmil bəy, demokratik dəyərlər deyəndə yalnız AXCP və Milli Şura nəzərdə tutulur? Yoxsa qrantla işləyən təkcə Meydan TV-di? Sizə yaxın olan media orqanları da o qrantdan az almır, amma heç eyni ittihamı səsləndirdiyinizi görmədik”.

Məlum olur ki, müxalifətin iki qanadı arasında davanın gerçək səbəbi qrant davasıdır. Bu səbəbdən Cəmil Həsənli və Əli Kərimli "meydan"sız qalıb.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Cəmil-Həsənli