Cinsi yolla İİV-ə yoluxanların sayı kəskin artıb

Cinsi yolla İİV-ə yoluxanların sayı kəskin artıb
  18 May 2018    Oxunub:1240
"Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 4427 nəfər müalicə alır".
AzVision.az xəbər verir ki, bunu Mərkəzin direktor əvəzi Eldəniz Muradov deyib. O, bildirib ki, müalicə nəticəsində xəstələr sağlam həyat tərzi sürür, cəmiyyətə adaptasiya olur:

"Onlar ailə qururlar, uşaqları olur və bu uşaqlar sağlam olur. 25-30 il qeydiyyatda olan xəstələr var və biz onlarda infeksiyanın inkişafının qarşısını almışıq. Ölənlərin hamısı İİV-dən ölməyib, qəzaya düşənlər və digər səbəblərdən də ölənlər var".

E.Muradovun sözlərinə görə, Azərbaycan İİV epidemiyasının təmərküzləşmə fazasındadır: "Yəni epidemiya yoluxma yüksək yaş qrupları arasında üstünlük təşkil edir. Bu qrupda narkotik istifadəçiləri, seks biznes işçiləri və anadan uşağa ötürmə üstünlük təşkil edir".

Direktor əvəzi qeyd edib ki, son illərdə cinsi yolla İİV-ə yoluxanların sayı artıb: "Son illərdə İİV-ə yoluxmuş qadınların sayı artır. Kişilər də öz ailələrində cinsi patnyorlarına bu xəstəliyi yoluxdurur. Əsasən 30-39 yaş arasında olan qadınlarda yoluxmalar daha çox müşahidə edilir. Amma uşaqlar olduqca azdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: İİV  





Xəbər lenti