"Qəzetlər, saytlar bütün günü bundan yazır" - Spiker

"Qəzetlər, saytlar bütün günü bundan yazır" - Spiker
  18 May 2018    Oxunub:1925
“Azərbaycanda bəzi “vətənpərvər”lər bu məsələni əldə bayraq ediblər. Qəzetlər, saytlar bütün günü bundan yazır. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə də sanskiya qoyulmuşdu”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker xatırladıb ki, bu qərara əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: “Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi. Xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım. Dedim ki, biz sanskiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclaslarını Azərbaycanda keçirdilər".

MM sədri qeyd edib ki, Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir: "Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək”.

Spiker, həmçinin vurğulayıb ki, AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsinə əngəl olurlar. Bu da onların qərəzli olmasından xəbər verir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Spiker  





Xəbər lenti