İnam Kərimov nazir kimi ilk səfərini Türkiyəyə etdi - FOTOLAR

  21 May 2018    Oxunub : 1251
İnam Kərimov nazir kimi ilk səfərini Türkiyəyə etdi - FOTOLAR
Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 19-da Prezident İlham Əliyevin tapşırığına əsasən bu qurumun yeni rəhbəri kimi ilk xarici səfərini Türkiyəyə edib.
Nazirlikən AzVision.az-a verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri əvvəlcə Ankaradakı Heydər Əliyev parkını ziyarət ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı heykəli önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.



Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. İnam Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüblər.



Əhməd Əşrəf Fakıbaba Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu vurğulayaraq, İnam Kərimovun nazir vəzifəsinə təyin edildikdən sonra ilk xarici səfərini Türkiyəyə etməsindən məmnunluq hissi keçirdiklərini bildirib. O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını bildirib.



Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, aqrar sahə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.



Görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.

AzVision.az

Teqlər: KTN   Türkiyə