Azərbaycanın ən kiçik milli parkından FOTOREPORTAJ

  21 May 2018    Oxunub : 13525
Azərbaycanın ən kiçik milli parkından FOTOREPORTAJ
Mətbuat nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təbiətimiz-evimizdir" adlı ekoloji turizmin mediada təbliği layihəsi çərçivəsində Abşeron Milli Parkında olublar.
Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə parkla bağlı jurnalistlərə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın ən balaca milli parkı olan Abşeron Milli Parkının sahəsi 783 hektardır. Buranın özəlliyi isə odur ki, park Azərbaycanın xəritəsində Bakı şəhərinin ən son nöqtəsidir.



"Milli parkın yaranmasına səbəb buranın fauna və florasını qorumaqdır. Parkın ərazisi kiçik olsa da, zəngin heyvanat aləmi, bitki örtüyü var. Məqsədimiz yerli və xarici turstlərin buraya gəlişini stimullaşdırmaq, ərazilərə maraq yaratmaqdır. İnsanlar təbiətdən təkcə estetik zövq almır. Parkın həmçinin maarifləndirmə xarakteri də var. Bu çox vacibdir. Gələn turistlər yaşından asılı olmayaraq Azərbaycanın təbiəti haqqında məlumat alırlar. Sahə kiçik olsa da, 4 turist marşrut mövcuddur. Ən böyük marşrut 8 kilometrdir. Uşaqlar üçün dəniz sahilinə olan marşrutlar nəzərdə tutulub".



Hikmət Əlizadə qeyd edib ki, milli parklarda restoran və kafelərin tikilməsi bəyənilmir: "Qəbul olunmuş konsepsiyaya əsasən çalışırıq ki, təbiətə mümkün qədər az müdaxilə edək. Milli Parklarda restoranların, kafelərin tikilməsi bəyənilmir. Parkda turistlərin dincəlməsi, piknik etməsi üçün yerlər ayrılıb. Turistləri bura tez-tez gəlməyə dəvət edirik. Burada ördəklərin müxtəlif növlərinə rast gəlmək olar ki, onlar nadir növlərdəndir və "Qırmızı kitab"a düşüblər. Xüsusi nolaraq suitini qeyd edə bilərik. Son illər Xəzər dənizində suitilərin sayı azalıb. Amma bu ərazidə suitiləri görmək görmək mümkündür. Ərazidə ceyanlara da rast olmaq olar. Vaxtilə Azərbaycanda onların nəsli kəsilmək təhlükəsi vardı. İndi artım bizə imkan verir ki, onları tarixi ərazilərinə köçürək. Biz reproduksiya layihə çərçivəsində buraya ceyranlar köçürmüşük”.



Qeyd edək ki, park Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb.

Milli Park Bakının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.



Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb.



Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılıb. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.







































Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az

Teqlər: Milli-Park   Abşeron