Niyə məhz Naxçıvan? - Erməni təxribatının iki səbəbi

  21 May 2018    Oxunub : 1883
Niyə məhz Naxçıvan? - Erməni təxribatının iki səbəbi
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Bu hadisədən sonra Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə bəyanat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bunu məsuliyyətsiz və əsassız bəyanat adlandırıb: “Bu bəyanat ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi güdür. Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar”.

Məsələni AzVision.az-a şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı hesab edir ki, burada bir neçə motivə diqqət yetirmək lazımdır.

“Münaqişənin başladığı ilk gündən etibarən Ermənistan təxribatlar törədib. Bunlar münaqişənin həllini daha da çətinləşdirmək üçün edilir. Son zamanlar baş verən təxribatların məqsədi diqqəti daxili proseslərdən yayındırmaqdır. Digər səbəb isə Azərbaycanı provokasiyaya çəkməkdir”.



Politoloq Ermənistanın növbəti təxribatının niyə məhz Naxçıvanda baş verməsinə münasibət bildirib: “Təxribatın Naxçıvan istiqamətində olmasının iki səbəbi ola bilər. Birinci, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycanın hərbi qüdrəti, Azərbaycanın təhlükəsizliyi, işğal altındakı ərazilərin mütləq azad edilməsilə bağlı mesajlar verdi. Ermənistan buna görə Naxçıvan istiqamətində təxribata əl atıb. Amma Azərbaycan Ermənistanın bütün təxribatlarına cavab verir. Ordumuz buna qadirdir və hər zaman nail olub. Yəni istənilən düşmən təxribatına Azərbaycan ordusu cavab verə bilir. Ancaq bu, təxribatların səviyyəsindən asılıdır. Elə təxribatlar olur ki, ona lokal, elələri də olur ki, 2016-cı ilin aprelində olduğu kimi daha geniş və sərt cavab verilir. Ermənistan apreldə verilən cavabı görüb və hər şeyi başa düşür. Ona görə də son addımlarında bunu nəzərə alır. Versiyalar var ki, erməni təxribatı yenidən böyük döyüş əməliyyatlarının başlaya biləcəyi səviyyədə olsun. Düşünürəm ki, bu zəif ehtimaldır. Amma istisna deyil.

İkinci səbəb Naxçıvanın Türkiyə ilə həmsərhəd olması ilə bağlıdır. Ermənistan Rusiya-Türkiyə münasibətlərini nəzərə alaraq bunu edib. Yəni Naxçıvan istiqamətində provokasiyaya əl ataraq Rusiya-Türkiyə münasibətlərinə problem yaratmağa çalışıb. Amma bu variant mümkün deyil. Hər halda bunun da məqsədlərdən biri ola biləcəyini düşünürəm”.

A.Aslanlının fikrincə, Ermənistan Azərbaycanı təxribata çəkməyə çalışır: “Ermənistan başa düşür ki, böyük təxribata əl atsa, Azərbaycanın cavab addımı 2016-cı ilin aprelindəkindən də böyük olacaq. Amma öz aləmlərində Azərbaycanı provokasiyaya çəkməkdən yayınmırlar. Məlumdur ki, erməni lobbisi Qərb dövlətlərində daha güclü mövqeyə malikdir. Doğrudur, Azərbaycan müstəqiliyə qovuşduqdan sonra diaspora və lobbisinin güclənməsi istiqamətində işlər görülür. Amma, ermənilərin bu sahədə daha böyük təcrübəsi və resursları var. Ona görə də belə prokasiyalardan sonra ermənilər dünyanın müxtəlif ölkələrindəki media qurumlarında Azərbaycan əleyhinə materiallar yayaraq, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışırlar. Baş verəcək hadisələrdən Azərbaycanın imicinə zərbə endirmək üçün istifadə etmək istəyirlər. Məhz cəbhədəki təxribatların bir istiqaməti də bu amala xidmət edir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Naxçıvan