Pensiyalarının ödənişi artıq başa çatdırılıb

Pensiyalarının ödənişi artıq başa çatdırılıb
  23 May 2018    Oxunub:1160
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən may ayının pensiyalarının ödənişi prosesi pensiyaların maliyyələşdirilməsi qrafikinə əsasən respublikamızın bütün rayon və şəhərləri üzrə tam və vaxtlı-vaxtında həyata keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, mayın 14-də əhalisi məcburi köçkün olan rayonlar da daxil olmaqla, daha 22 rayon üzrə, son iki gündə isə qalan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülüb. Nəticədə mayın 23-dək respublikanın bütün rayon və şəhərləri üzrə may ayının pensiyalarının ödənişi artıq yekunlaşıb.

Qrafik əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının onların hesablarına köçürülməsi isə yaxın günlərdə təmin olunacaq.

Xatırladaq ki, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, Azərbaycanda pensiyaların ödənişi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılır.

AzVision.az


Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti