723 nəfərin tikintidə müqaviləsiz işlədiyi aşkarlanıb
Monitorinqlər zamanı yoxlanılmış işçilərdən 723 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.
Monitorinqlər nəticəsində aşkar olunmuş faktlar üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə 27 hüquqi və fiziki şəxsə aid məlumatlar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 24 hüquqi və fiziki şəxsə aid məlumatlar isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir. Səyyar monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.
AzVision.az