Azərbaycanda 338 min nəfərdə xəstəlik aşkarlanıb

Azərbaycanda 338 min nəfərdə xəstəlik aşkarlanıb
  23 May 2018    Oxunub:1428
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı işlər davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncama əsasən 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb. Tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Onlardan 3 540 384 kişi, 3 742 875 qadındır. Müraciət edənlərin 338 013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.

Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb. Ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub, cəmi 8015 insanda bu cür hallar üzə çıxıb.

Müayinələr zamanı 27 663 nəfər hospitalizə olunub, 58 563 şəxs dispanser nəzarətinə alınıb, 1 810 880 nəfər əlavə müayinələrə cəlb olunub. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfər sağlamlaşdırılıb. Əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı təbirlər gələcəkdə də davam etdiriləcək .

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Xəstəlik  





Xəbər lenti