Ermənistan XİN həmsədrlərin adından yalan məlumat yayıb

Ermənistan XİN həmsədrlərin adından yalan məlumat yayıb
  24 May 2018    Oxunub:2791
“Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan indi də deyəsən, ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışır. Amma onun dedikləri cəfəngiyatdır, tamamilə əsassız iddialardır”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Ermənistan tərəfinin növbəti yalanını ifşa edən XİN rəsmisi qeyd edib ki, danışıqlar prosesinin formatı hər kəsə bəllidir.

“Bu, 1992-ci il ATƏT-in Helsinki nazirlər şurasının iclasının sənədlərinə əsaslanır. Bu sənədlərə görə, Azərbaycan və Ermənistan münaqişə tərəfləri, maraqlı tərəflər isə Azərbaycanın Dağlıq Qarabağ regionun azərbaycanlı və erməni icmalarıdır. Ümumiyyətlə, bu münaqişədə məsul tərəf Ermənistandır. Çünki Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu bu ölkəni münaqişədə məsul tərəf kimi müəyyən edir”, - deyə H.Hacıyev vurğulayıb.



Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan iddia edib ki, guya ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda Qarabağdakı separatçı qurumunun tərəf kimi iştirakına razıdır. Hansı ki, bununla bağlı həmsədrlər indiyədək heç bir bəyanat verməyiblər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Dağlıq-Qarabağ   Münaqişə  





Xəbər lenti