Qarabağ əlilləri protezlərlə təmin olunub - VİDEO

Qarabağ əlilləri protezlərlə təmin olunub - VİDEO
  25 May 2018    Oxunub:4667
Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub. Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər ilk növbədə müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib.
Fonddan AzVision.az-a verilən məlumata görə, Qarabağ müharibəsi əlillərindən 6 nəfər “Harmony P3” aktiv vakuum sistemli protezlə, 1 nəfər “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə “BeBionic 3” əl protezi ilə təmin edilib. Bu protezlər amputasiya olunmuş hissə ilə hərəki uyğunluğu təmin edən texniki imkanlara malikdir. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.

Yüksək texnologiyalı protezlərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.



Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də həyata keçirilmişdi. 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabit layihə çərçivəsində yüksək texnologiyalı protezlərlə təmin edilmişdi.



Tətbiq olunan protezlərin texniki göstəriciləri barədə:

“Harmony P3” aktiv vakuum sistemli transtibial protez soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır. Bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur və nəticədə ayaq protezlə bir vəhdət təşkil edir, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat addım atır. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir vacib xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır. Bu da yaralı güdüllərin tezliklə sağalmasını təmin edir. Aktiv vakuum sistemli protez amartizator və rotasion xüsusiyyətlərə malikdir. Bu cəhətlər protezin hərəkət zamanı yer səthlərinə uyğunlaşmasını təmin edir. Protezin istifadə rahatlığını artırmaq məqsədi ilə dinamik, hər növbəti addımın atılmasına təkanverici xüsusiyyətə malik “Triton” karbon ayaq quraşdırılıb.



“Hybrid” mikroprossesor idarəetmə sistemli transfemoral protez isə dizüstü amputasiyalarda geniş tətbiq olunan, Yaponiyanın “Nabtesco” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. Mütəxəssislər dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezin insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. “Hybrid” diz oynağının daxilində 2 ədəd yüksək həssaslı sensor var. Onlar vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə, hərəkət zamanı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.



“BeBionic 3” bionik transhumeral protez funksionallığı və istifadə rahatlığı baxımından dünyada geniş tətbiq olunan bionik əl protezidir. Protezdə 2 ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə, orda işləndikdən sonra isə protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini yaratmaqla istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir. “BeBionik3” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub, 360 dərəcə dönə bilir. Dirsəküstü amputasiyalarda istifadə edilən dirsək oynağı da elektronik olaraq açılıb-bükülmə imkanına malikdir.














AzVision.az


Teqlər: Heydər-Əliyev-Fondu   Müharibə-əlilləri   Protez  





Xəbər lenti