Londonda AXC-nin 100 illiyi qeyd olundu

Londonda AXC-nin 100 illiyi qeyd olundu
  26 May 2018    Oxunub:1903
2018-ci ilin 24 may tarixində Azərbaycanın Britaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Londonda yerləşən “Jumeirah Carlton Hotel”də Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə ziyafət təşkil edilib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirə, həmçinin Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınlarının Assosiasiyası (AWA-UK) yaxından dəstək verib.

Tədbirdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə Dövlət naziri Alan Dunkan, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayeva, BP şirkətinin Hasilat, Transformasiya və Karbon, Upstream üzrə Baş əməliyyat rəhbəri Qordon Birel, 20-dən çox ölkənin Britaniyadakı Səfiri, o cümlədən Londondakı Səfirlik və Ali Komissarlıqların digər nümayəndələri, Böyük Britaniya parlamentinin üzvləri, Britaniya hökumətinin rəsmiləri, AR-in Britaniyadakı Səfirliyinin heyəti, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, media nümayəndələri, eləcə də Britaniyada yaşayan və Azərbaycan mədəniyyəti ilə maraqlanan şəxslər olmaqla 250 nəfərədək qonaq iştirak edib..

İlk olaraq, Londonda yaşayan həmyerlimiz, skripka ifaçısı Səbinə Rakçeyeva Azərbaycan Respublikasının və Britaniyanın dövlət himnlərini səsləndirib.

Tədbiri giriş sözü ilə AR-in Britaniyadakı Səfiri Tahir Tağızadə açmış, ADR-in Müsəlman dünyasında ilk dəfə siyasi plüralizm və çoxpartiyalı sistemə əsaslanan Avropa modelində bir dövlət olduğunu və həmin dövr üçün ən qabaqcıl və demokratik siyasəti tətbiq etdiyini qeyd edib.

Səfir, ADR-in müstəsna nailiyyətlərindən söz açaraq məhz ADR-in yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çerildiyini nəzərə çatdırıb. T.Tağızadə ölkə Prezidentinə istinad edərək hazırkı müstəqil Azərbaycanın ADR-in davamçısı olduğunu və ADR-in demokratik ənənələrinə sadiq qaldığını qeyd edib.

Səfir hazırda Azərbaycan və Britaniya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Bu xüsusda, T.Tağızadə 2018-ci ilin 26 aprel tarixində Baş nazirin dəvəti əsasında AR Prezidenti cənab İlham Əliyevin Britaniyaya səfər etdiyini və Baş nazir Tereza Mey, Alan Dunkan, Britaniya Parlamentinin üzvləri, BP şirkətinin Baş icraçı direktoru Robert Dadli, Britaniyanın Ticarətin Təşviqi üzrə Dövlət naziri Baronessa Rona Fairhead, eləcə də York hersoqu Şahzadə Endryü ilə görüşlər keçirdiyini xatırladıb.

Səfir iki ölkə arasında mədəni sahədə də əməkdaşlığın qürurlandırıcı nəticələrini sadalamışdır. Bu xüsusda o, 2018-ci ilin 9-13 may tarixində Qarabağ atlarının Royal Windsor Horse Show-da nümayiş etdirilməsini və 23 may tarixində Yusif Eyvazov və Anna Netrebkonun Royal Albert Hall-da konsert proqramı ilə çıxış etməsini qeyd edib.

T.Tağızadə, həmçinin Azərbaycan və Britaniya arasında mədəni əməkdaşlığın inkişafında xüsusən İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini vurğulayıb. Bu xüsusda Səfir, 2018-ci ilin 23 may tarixində Oksford Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi mövcudluğu haqqında kontraktın imzalanması, eləcə də Universitetin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi barədə qonaqlara məlumat verib.

Sonda, T.Tağızadə ADR-in qadınların hüquqlarının qorunmasındakı müstəsna roluna, müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə olmasına diqqət çəkərək Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınları Assosiasiyasının ADR-in bu irsinin qorunub saxlanması və müasir Azərbaycan qadının cəmiyyət üçün əhəmiyyətini vurğulamaqdakı rolunu yüksək qiymətləndirib.

Daha sonra tədbirdə iştirak edən Britaniya XİN-in Avropa və Amerika üzrə Dövlət naziri Alan Dunkan çıxış edib.

Azərbaycanın müstəqilliyinin yüz illiyini qeyd edən tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduğunu söyləyən A.Dunkan 2017-ci ilin sentyabr ayında özünün Azərbaycana və 2018-ci ilin 26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Britaniyaya səfərini xatırladaraq Azərbaycanda müstəqillik ruhunun uzun tarixi olduğunu hiss etdiyini bildirib.

A.Dunkan çox qısa müddət ərzində ADR-in böyük nailiyyətlər əldə etdiyini, həmin dövr üçün proqressiv islahatlar aparmaqda nümunə olduğunu vurğulayaraq, Cümhuriyyətin Britaniyadan və bir çox digər demokratiyalardan öncə qadınlara səsvermə hüququ verməsinə diqqət çəkib. Bu xüsusda, tədbir zamanı AWA UK tərəfindən Azərbaycanda qadınların rolunun gücləndirilməsinin 100 illiyinə vurğu verilməsinin sevindirici hal olduğunu qeyd edən Dövlət naziri Britaniyanın qadın Baş naziri Tereza Mey-in tədbirlə bağlı təbriklərini Azərbaycan tərəfinə çatdırmaqdan böyük məmnuniyyət duyduğunu bildirib.

2017-ci ildə Azərbaycan və Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini xatırladan A.Dunkan bugün də iki ölkə arasında hər iki tərəfə fayda verən mükəmməl münasibətlərin və siyasi əməkdaşlığın davam etdirildiyini vurğulayıb.

A.Dunkan, həmçinin BP-nin Azərbaycanın ən böyük enerji tərəfdaşı olduğundan, BP ilə əməkdaşlıq nəticəsində Azərbaycanda çoxlu iş yerlərinin açılmasından, Azəri-Çıraq-Günəşli yatağının işlənməsi üzrə müqavilənin müddətinin uzadılmasının BP və SOCAR arasında münasibətlərin daha da gücləndirilməsinə töhfə verməsindən bəhs edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu vurğulayıb.

Dövlət naziri iki ölkə arasında münasibətlərin enerji və iqtisadiyyatdan əlavə, təhsil başda olmaqla digər bir çox sahələrdə inkişaf etdirilməsi üçün hər iki tərəfin səylər göstərdiyini də qeyd edib.

Sonda, A.Dunkan Britaniyanın Azərbaycana dost ölkə olmaqdan qürur duyduğunu və 25 illik əməkdaşlığa əsaslanaraq hər iki xalqın rifahı və təhlükəsizliyi üçün iki ölkənin birgə çalışmağa davam edəcəyinə ümid etdiyini bildirərək, Britaniya hökuməti və öz adından bir daha Azərbaycan xalqını təbrik edib.

Tədbir Azərbaycan Qadınlarının Assosiasiyasının (AWA-UK) təşkilatçılığı ilə Azərbaycan qadınlarının mədəniyyətimizə xas olan əl işlərinin təqdimatı və tar və kamançada Azərbaycan musiqilərinin ifası ilə davam etmişdir. Həmçinin, qonaqlara Azərbaycan mətbəxindən təamlar təqdim edilib.

AzVision.az


Teqlər: XİN   AXC   100-il  





Xəbər lenti