“ABŞ-ın təzyiqi qanunsuzdur” - Putindən Ərdoğana dəstək

“ABŞ-ın təzyiqi qanunsuzdur” - Putindən Ərdoğana dəstək
  26 May 2018    Oxunub:1907
"S-400" zenit-raket komplekslərini əldə etmək məsələsində ABŞ-ın Türkiyəyə təzyiq etməsi qanunsuzdur.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq beynəlxalq iqtisadi forumunda deyib.
“NATO-nun üzvü olan Türkiyə öz növünə görə dünyada ən yaxşı və qabaqcıl "S-400" sistemlərini almaq barədə qərar qəbul edib. Bunda nə var ki? Məgər bu cinayətdir? Müstəqil bir dövlətin öz təhlükəsizliyini təmin etmək baxımından olduqca həssas bir məhsul almaq təşəbbüsünü məhdudlaşdırmağa hansı ölkənin haqqı çatır?” – deyə Putin Vaşinqtonun Ankaraya təzyiqini qanunsuz adlandırıb.

Xatırladaq ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell isə bəyan edib ki, Ankara tərəfindən "S-400"lərin alınması ABŞ-ın Türkiyəyə "F-35" qırıcıları verməsinə mənfi təsir edə bilər. Bu həftə ABŞ Konqresinin nümayəndələr palatasının təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə qeyd olunub ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.



Leyla Elbrusqızı
AzVision.az



Teqlər: ABŞ   Rusiya   S-400   Türkiyə  





Xəbər lenti