Evini Cümhuriyyət hökumətinə bağışlayan şəxs – TARİXİ ARAŞDIRMA+FOTOLAR

  28 May 2018    Oxunub : 17250
Evini Cümhuriyyət hökumətinə bağışlayan şəxs – TARİXİ ARAŞDIRMA+FOTOLAR
Cümhuriyyət dövrü barədə silsilə yazılarımızın budəfəki qəhrəmanı əsl millət fədaisi, Azərbayacan Cumhuriyyətinin milli mübarizə öndəri Qasımov Məşədi Kərbəlayi oğludur. «Difai»çi Məşədi Qasımov xalqının müdafiəsi yolunda əlindən gələni əsirgəməyib və vətənpərvər bir şəxsiyyət kimi tarixdə iz qoyub.
Hüseynqulu xanın qızını vermək istədiyi Bala Məşədi kim idi?

Bala Məşədi 1870-ci ildə-ci ildə Gəncə şəhərində anadan olub. Atası Kərbəlayı Qasım kişinin 3 oğlan övladı vardı. Bala Məşədi övladlardan kiçiyi olub. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu Naftalanda quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və bundan sonar axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir.

Sonradan Bala Məşədi Gəncədə sayılıb-seçilən bir şəxs olur. O dövrdə təşkil edilən cıdır yarışlarında dəfələrlə qələbə qazanır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq, qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm. Qızın mənim qabağımdan qayıdıb söz desə, aramızda inciklik olar, xan”.

Bala Məşədinin hərəkəti Hüseynqulu xanın o qədər xoşuna gəlir ki, deyilənə görə, Gəncəbasar ətrafında yerləşən bir neçə kəndi və Kürqırağı meşə zolağının bir hissəsini ona hədiyyə edir. Bala Məşədi qısa bir müddətdə həmin ərazilərdə böyük bir təsərrüfat qurur və yüzlərlə adamın həmin təsərrüfatda işləyib dolanması üçün şərait yaradır. Bununla yanaşı, yaşadığı Gəncə şəhərində böyük qardaşı Hacı Əli Qasımov ilə birlikdə mülklər alıb, imkanlarını daha da genişləndirirlər.

Onu da qeyd edək ki, Bala Məşədidən 20 yaş böyük olan qardaşı Hacı Əli Qasımov eyni zamanda nəslin ağsaqqalı olub. Hacı Əli Qasım Gəncənin tanınmış xeyriyyəçilərindən olub. 1880-ci ildə Gəncədə məsçid tikdirir.Məsçidin ərazisi əvvəllər meşə olmuş, Hacı Qasım ərazini təmizlədərək məsçid inşa etdirir. O, XX əsrin əvvəllərində milli dirçəliş yolunda hərtərəfli fəaliyyət göstərib.



Sərvətinin böyük hissəsini xalqın və millətin rifahı yolunda sərf edib. Hətta deyilənə görə, Hacı Əli Qasımoğlu həmin dövrdə Bakı şəhərinə “Şollar” suyunun çəkilişinə də maddi dəstək verib. Qeyd edək ki, Hacı Əli “Əhrar” partiyasından Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinə üzv də seçilib.





Bala Məşədi o zamanlar Qərbi Azərbaycandan köçkün düşmüş ailələrə hər cür köməklik göstərib, onların Gəncədə yerləşmələri, iş tapmaları, yaşamaları üçün imkan və şərait yaradıb.

Bu, həmin dövr idi ki, erməni daşnaklar Rusiya İmperiyasının ərazisində öz fəaliyyətlərini aktivləşdirir və Azərbayacan xalqına qarşı qırğınlar törətməyə başlayırdılar. Qərbi Azərbaycandan köçkün düşmüş əvvəlki nəsillərin xatirələrinə görə, XX-ci əsrin əvvəllərində Göyçə mahalından bir neçə şəxs Bala Məşədinin yanına gələrək şikayət edirlər ki, bir quduzlaşmış erməni dəstəsi Göyçə mahalında azərbaycanlılara göz verib, işıq vermirlər, hətta qız-gəlinləri qaçırıb aparırlar. Bu sözlərdən qəzəblənən Bala Məşədi göyçəlilərdən bir qədər möhlət istəyir və Göyçəyə gedərək həmin erməni dəstəsinin üzvlərini cəzalandırır.

Bala Məşədinin “Difai”dəki rolu və Hacı Məlik döyüşü

Ermənilərin törətdikləri qırğınlara cavab olaraq Şimali Azərbayacanda milli hərəkat xeyli genişlənir və azərbayacanlıların milli mənlik şüurunun oyanması prosesinin məhsulu kimi “Difai” milli təşkilatının əsası qoyulur. “Difai” təşkilatının qurucuları sırasında Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmmədhəsən Hacinski, İsa bəy Aşurbəyov, Behbud Cavanşirski, Niftalı bəy Behbudov kimi görkəmli ictimai xadimlər olub. Adı çəkilən insanların əksəriyyəti eyni zamanda Azərbayacan xalq Cumhuriyyətinin qurulmasında əvəzsiz xidmətləri olmuş şəxslərdir.

Hakimiyyətin silahlanmış erməni partiyalarına qarşı fəaliyyətsizliyi və hətta onlara himayədarlıq etməsi şəraitində “Difai” Azərbaycanın ilk milli-siyasi partiyası olaraq azərbayacanlıların qırğından qorunması uğrunda önəmli rol oynayıb. Ümumiyyətlə, Cümhuriyyətə “Difai” və digər milli təşkilatların fəaliyyətinin məntiqi nəticəsi kimi də baxmaq olar.

“Difai” təşkilatının gizli üzvlərindən biri də təşkilatın maliyyələşdirilməsində önəmli rol oynamış Məşədi Qasımov olub. Təşkilatın bir çox üzvləri kimi Məşədi Qasımovun da fəaliyyəti təhlükəsizliyi nöqteyi-nəzərindən məxfi sürətdə həyata keçirilib. O, azərbaycanlılara qarşı erməni terrorunun qarşısının alınmasında fəal iştirak edib.

Bir gün Bala Məşədi məlumat alır ki, Poqos adlı erməni Xankəndində ermənilərin topladığı pulu Tiflis şəhərinə-qubernatora rüşvət kimi aparır ki, Xankəndinin erməniləşdirilməsini rəsmiləşdirsinlər. Bunu eşidən Bala Məşədi təkbaşına Gəncə şəhərinin yaxınlığında (indiki Nizami Gəncəvinin məqbərəsi ətrafında) həmin ermənini zərərsizləşdirərək, pulları götürür, üzərinə də bir qədər də əlavə edərək, silah alması üçün qaçaq Dəli Alıya verir. Ümumiyyətlə, Dəli Alının Hacıkənd dəstəsinə Bala Məşədi rəhbərlik edirdi. Sonralar Gəncə şəhərində təşkil olunmuş dəstə məhz bu silahlarla silahlandırılır. Həmin dəstə o zaman ermənilərin Gəncəyə basqınının qarşısını alır və “Hacı Məlik” düzündə (indiki G.Q.K-nın arxası) 2000-ə yaxın ermənini məğlub edir.

Difaiçilər Sultan Əbdülhəmidin yanına nümayəndə heyəti göndərir. Məqsəd AZərbaycanın çar Rusiyasından azad olmaq üçün yardım istəmək, eyni zamanda AZərbaycanın müstəqilliyinin dəstəklənməsi idi. Bu nümayəndə heyətinin tərkibində Bala Məşədi də yer alır.
Hacı Əli Qasım və Bala Məşədi Qafqazda açılan ilk tütün fabriklərindən birinin rəhbəri idilər.

Atatürkün təşəkkür məktubu və yandırılan şəkillər

Ötən əsrin əvvəllərində Türkiyədə quraqlıq və aclıq olan zaman Bala Məşədi öz təsərrüfatından bir neçə vaqon buğda-taxılı qardaş Türkiyə Cümhuriyyətinə göndərib. Dəqiq məlumatlara görə, Mustafa Kamal Atatürk Bala Məşədinin bu hərəkətinə görə ona təşəkkür məktubu da ünvanlayıb. Lakin Sovet Hakimiyyəti qurulan zaman onun qohumları ehtiyat edərək, Bala Məşədinin Atatürklə çəkdirdiyi şəkillərini, sənədlərini yandırıblar. Yalnız üç il əvvəl, o dövrün Gəncə ziyalıları barədə kitabla əlaqədar material toplanan zaman arxivdən Bala Məşədi, Fətəli xan Xoyski, Əhməd Cavad, Pişnamazzadə qardaşları, Sarı Ələkbər, Dəli Alı, Mirzə Abbas Abbaszadə və digər şəxslərin bir yerdə çəkdirdikləri şəkli tapılıb.

Azərbaycanda Şərqin ilk Demokratik Respublikası qurularkən Məşədi Qasımov könüllü olaraq evlərindən birini ADR hökumətinə bağışlayıb. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə keçirilən iclasda təsdiq edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin ikinci höküməti həmin binada 1918-ci il 17 sentyabradək fəaliyyət göstərib. Hazırda həmin binada Gəncə Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsi fəaliyyət göstərir.

Bala Məşədinin məşəqqətli sürgün günləri



Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra başlanan repressiyalara Hacı Əli Qasımov, Bala Məşədi və onların ailələri də məruz qalırlar. Onların var-dövlətləri hökümət və digər qüvvələr tərəfindən talan edilir, müsadirə olunur. Sovet Hakimiyyəti qurularkən çoxları Bala Məşədi və qardaşı Hacı Əli Qasımova Türkiyəyə köçməyi təklif ediblər Lakin Bala Məşədi və qardaşı Hacı Əli ailəsini, vətənini buraxıb heç yerə getməyəcəklərini deyiblər.

O, 1931-ci ildə ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilib. 1933-cü ildə isə ailəsilə birlikdə Gəncəyə qayıdıb. Bu zaman Gəncədən olan bir neçə ailəni də öz hesabına dogma şəhərə qaytarıb.

1937-ci ildə Azərbaycan SSRİ XDİK qərarı ilə Bala Məşədi qardaşı Hacı Əli Qasımoğlu ilə birlikdə həbs olunur. 1937-ci il oktyabr ayının 29-da hər iki qardaşı - Bala Məşədini 67 yaşında, qardaşı Hacı Əlini isə 81 yaşında Nargin adasında güllələyirlər.



Yuxarıda qeyd etdiyimiz kimi, Bala Məşədi “Difai”nin məxfi üzvlərindən idi. Bu səbədən də adı arxiv sənədlərindən çox xalq şifahi ədəbiyyatında qalmışdır. Nümunə üçün: Dəli Alının bacısı oğlu Zeynalabdinin toyunda Bala Məşədinin təşkilatçılığı ilə Aşıq Ələsgər iştirak edir. Və elə bu toyda Bala Məşədini vəsf edən bir neçə şer meydana çıxır:

Biçarə Aşıq Ələsgər,
Gəldin gеtdin hər nə isə;
Haqq səni sərraf yaradıb,
Qiymət qoy yaxşıya, pisə.
Tatoğlu, Bala Məşədi,
Onlar gələndə məclisə,
Hamıdan çox pul vеrdilər,
Qızıl ilə doldu kisə;
Aşıqlar güzəran tapdı
Bəylər güzəranı kimi.

Aşıq Ələsgər Bala Məşədiyə “Sağ olasan, Bala Məşədi” şerini həsr edir:

İyidlikdə yoxudu əvəzi,
Sağ olsun Bala Məşədi!
Girəndə mеydan içinə,
Alınmaz qala Məşədi;
Vəsfini dastan еdirəm,
Düşsün mahala Məşədi;
Köhlən at üstə çıxanda,
Hamıdan əla Məşədi;
Rüstəmin Rəxşi kimi
Gətirir cövlana, – dеyin!

Onu da qeyd edək ki, bu toydan sonra Aşıq Ələsgər əldə etdiyi vəsaitlə oğluna toy edir.

Bala Məşədinin 9 qızı və Nəsib adlı bir oğlu olub. Hazırda Bala Məşədinin 1 qızı – Sayalı Kərimova Bakı şəhərində yaşayır. Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində 80-ə yaxın nəvə, nəticə və kötükcəsi var ki, onların da əksəriyyəti ziyalı şəxslərdir.

Bəraət

1994-cü il, yanvarın 24-də Azərbaycan Prokurorluğunda Bala Məşədi ilə bağlı işə yenidən baxılıb. “20-50 ci illərin Bütün siyasi repressiya qurbanlarının hüquqlarının bərpa edilməsi haqqında” SSRİ prezidentinin 13 avqust 1990-cı il fərmanının birinci maddəsi tətbiq edilərək, Qasımov Məşədi və onun ailə üzvləri - Anaxanım, Sayalı, Həmayil Qasımovlar bəraət alıblar.







Şahanə Rəhimli
AzVision.az

Teqlər: Cümhuriyyət   Məşədi-Qasımov