İlham Əliyev: “Cümhuriyyət qurucularının arzularını reallığa çevirdik”

İlham Əliyev: “Cümhuriyyət qurucularının arzularını reallığa çevirdik”
  28 May 2018    Oxunub:1657
"Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər"
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda deyib.

“Biz bu gün Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik. Baxın, o vaxta qədər və o vaxt bizim ölkəmiz hansı vəziyyətdə idi. Yoxsulluq, səfalət, savadsızlıq, tamamilə dağılmış tarixi şəhərlərimiz. Nəyə görə? Çünki Azərbaycan müstəqil deyildi. Sovet dövründə, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı faşizm üzərində Qələbəni əldə edə bilməzdi. Bunu hamı bilməlidir. Biz Qələbəyə həlledici töhfə vermişik. O vaxt Azərbaycan xalqı, Azərbaycan zəhmətkeşləri, neftçiləri, Azərbaycan nefti ümumittifaq büdcəsinə xidmət göstərirdi. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməyənə qədər Azərbaycan bütün bu sərvətlərə baxmayaraq, Sovet İttifaqında ən axırıncı yerdə idi. Nəyə görə? Çünki müstəqil deyildik. Taleyimiz əlimizdə deyildi.

1970-ci illərdə Heydər Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan çox böyük dərəcədə inkişaf etmişdir. Ancaq yenə də müstəqil deyildi. Müstəqilliyin ilk illərində xalqımızın başına gələn bəlalar, işğal, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti demək olar ki, ölkəmizi məhv etmişdi. Ancaq biz dirçəldik. Nəyə görə? Məhz müstəqilliyə görə. Ona görə ki, bizim taleyimiz indi bizim əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir.

Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”, - deyə dövlət başçısı çıxışında qeyd edib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   AXC  





Xəbər lenti