Azərbaycanın turizm “cənnəti” - Altıağacdan REPORTAJ (FOTOLAR)

Azərbaycanın turizm “cənnəti”  - Altıağacdan REPORTAJ (FOTOLAR)
  29 May 2018    Oxunub:22361
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təbiət evimizdir” layihəsi çərçivəsində media nümayəndələrinin milli parklara səfərləri davam edir.

AzVision.az xəbər verir ki, sayca 3-cü mediatur Altıağac Milli Parkına təşkil olunub.


Siyəzən və Xızı rayonların ərazisində yerləşən, ərazisi 11.035 hektar olan Milli Parkın yaradılmasında məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də, tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.



Altıağac Milli Parkının adının mənşəyi məsafə ölçü vahidi olan “ağac” sözündən götürülüb. Milli Park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı verilib (bir ağac təqribən 5-6 km-ə bərabərdir).



Altıağac Milli Parkının ərazisində 500-ə yaxın heyvan növü qorunur. Burada məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq kimi növlərə rast gəlinir. Milli Parkda adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir.

Milli Parkın direktoru Göycə Musayev Ekoturizm və İnformasiya Mərkəzində KİV nümayəndələrinə xüsusi mühafizə olunan təbiət ərazisi haqqında məlumat verib.



Göycə Musayev bildirib ki, Milli Parka daha çox may-sentyabr aylarında turistlər gəlir. Direktor bunu Altıağac Milli Parkında qışın sərt olması və yüksəkliyə çıxmağın çətinliyi ilə əlaqələndirib.

“Milli Parkda 8 marşrut xətti var. May ayının ötən dövründə Milli Parkı 380 turist ziyarət edib ki, onlardan da 8 nəfəri xaricidir. Milli Parkı ziyarət edən turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən artım qeydə alınıb. Milli Parka əsasən tələbələr və məktəblilər gəlir. Burada bilet alan hər bir turistə piknik üçün yerlər təklif olunur və həmin yerlərdə onlar üçün hər bir şərait yaradılıb”.

Ekotur çərçivəsində KİV nümayəndələrinə məlumat verilib ki, səfərlərdə məqsəd Azərbaycanın ən füsunkar, estetik cəhətdən gözəl, təbiəti zəngin olan milli park ərazilərini yerli və xarici vətəndaşlara tanıtmaq, turizmin inkişafına nail olmaqdır.



Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ekoloji turizmin həm yerli, həm də xarici turistlər arasında təbliğində mediaturun rolundan, o cümlədən təbiətə zərər vurmadan həm dincəlmək, həm də maariflənməyin mümkünlüyündən danışıb.



Cənubi Qafqazda ilk və yeganə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası də məhz Altıağac Milli Parkındadır. Klinikada vəhşi heyvanların cərrahiyə və saxlanma otaqları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin vəhşi quşlar və vəhşi heyvanlar üçün qəfəslər mövcuddur.



“Dəmir barmaqlıqlar arasında balaca ayı balası saxlanılır, o müəyyən yaşa çatdıqdan, öz qayğısına qala bilmək və yem tapmaq xüsusiyyətləri formalaşdıqdan sonra vəhşi təbiətə buraxılacaq. Ayı balası tam sağlamdır və hələlik burada saxlanılır. Təbiətdə bu və ya digər səbəblərdən zədə alan heyvanlara da klinikada ixtisaslı baytar həkimlər tərəfindən baxılır, müayinələrdən keçirilir”, - deyə H.Əlizadə əlavə edib.

Qeyd olunub ki, yay mövsümündə Azərbaycanın turizm "cənnəti" sayılan Altıağaca daha çox turistin gələcəyi gözlənilir.





























































Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Altıağac   Milli-Park  





Xəbər lenti